Yel bağlayanı el açar


Baxıldı : 337

Tarix : 2015-03-06 02:30:00


Yaz fəslinin öz ilığ nəfəsi hər gün daha çox duyulur. Təbiətin oyanması, baharın gəlişi, insanların Novruz bayramına hazırlığı get-gedə daha çox hiss olnur. Bayramdan öncə öz adət-ənənələri ilə qeyd edilən ilaxır çərşənbələrdən üçüncüsü Yel çərşənbəsidir. Baharın gəlişinin daha çox hiss olunduğu bu çərşənbə xalq arasında \ külək çərşənbəsi\ , \ yelli çərşənbə\ , \ külək oyadan çərşənbə, \ ölü çərşənbə\ və s. adlanır. Yel çərşənbəsi də xalqımızın tarixi inanclarını, yel ünsürünə olan münasibətini əks etdirir.Qədim etiqadlara görə, torpağın altında, \ qara nəhrdə\ yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel ağ, qara yel qara, xəzri göy, gilavar qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.Bəzi inanclara görə isə, Yel Tanrıdır və Yel baba deyə adlandırılır. Bununla bağlı bir çox mif, əfsanə, rəvayət, nəğmə, inanc növü və s. var. İnanclara görə, Yel baba xırmana gəlməyənə qədər oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölür. Bundan başqa, bir inanca görə isə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət eləyib Yel babanı çağırdıqda külək əssə və söyüdün budaqlarını torpağa toxundursa, dilək yerinə yetir. Ehtimal olunur ki, ilkin inanclarda yel məhz dünyanın ayrı-ayrı elementləri arasında rabitə yaradan vasitə hesab edilib. Mifologiyanın elə özündə də Yel çərşənbəsi sonuncu Torpaq çərşənbəsi ilə Novruz arasında bir növ bağlılıq, təbiəti yekun oyanışa hazırlayan, təkanverici bir çərşənbə hesab edilir. Yel Azərbaycan mifik təfəkkürünə görə, həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yolunu itirmiş insanlara küləyin kömək etməsi ilə əlaqədar da bir çox rəvayət var. Bunlardan biri budur ki, Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara yumaq verir və yumağı yerə atıb diyirləməyi tələb edir. Yel babanın üfürməsilə yumaq açılır və azmışları mənzil başına çatdırır.Yel çərşənbəsi günü də şər qarışanda hər bir həyətdə, yaxud məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atdanır. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir. Son çərşənbəyə az zaman qaldığı üçün evlərdə hazırlıq görülür, hər tərəf silinib təmizlənir, palazlar, xalçalar çırpılır, şüşələr, pəncərələr silinməyə, şirniyyatlar bişirilməyə başlanır. Uşaqlar üçün təzə paltar biçib-tikir və ya yenisi alınır. Böyümüş səməni qırmızı lentlə bağlanıb stolun üstünə qoyulur. Adət-ənənəyə görə, həmin gün südlü plov və ya bulqur aşı bişirilir. Stol üstünə əsasən quru meyvələr qoyulur. Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Baxmayaraq ki, küləklərin durmadan isti və soyuq olmasına da rast gəlmək mümkündür, hava əsasən hərarətli olur. Qədim inanclara görə, yel əsməsə sular coşub-çağlamaz, dalğalanmaz, torpaqlar odlu palçıq püskürməz. Bu çərşənbə ilə bağlı günümüzə qədər çatmış \ Yel əsib qoz tökülüb\ , \ Yelnən gələn selnən gedər\ , \ Yel apardığını qaytarmaz\ , \ Yellə dost olan yellənə-yellənə qalar\ , \ Yel bağlayanı el açar\ , \ Külək kimi hərdən bir yana əsmə\ kimi atalar sözləri də küləklə bağlı inancları özündə əks etdirməkdədirYel çərşənbəsindən sonra dünyasını dəyişmiş şəxslərin məzarları ziyarət olunur. Çevrəsi təmizlənir, üzərinə gül qoyulur.CAVİD