Yenə də məsuliyyətsiz davranan obyekt sahibləri var


Baxıldı : 60

Tarix : 2019-11-25 05:11:20


Restoranlardan havaya atılan tüstü təkcə ekologiyanı deyil, həm də ətrafda yaşayan sakinlərin əsəblərini korlayır. Artıq neçə müddətdir ki, bu barədə mətbuatda etiraz səsləri qaldırılır. Hətta verilən məlumatlara görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq restoranlarda monitorinq keçirir, nöqsanları aşkarlayıb ictimaiyyətə bildirir. Amma bir məşhur şeirdə yazıldığı kimi, restoranlar “düzəlmir ki, düzəlmir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova da etiraf etdi ki, son vaxtlar havaya zərərli tüstü buraxılması ilə bağlı bizə şikayətlərin sayı artıb: “Hər dəfə xəbərdarlıq etməyimizə baxmayaraq, yenə də məsuliyyətsiz davranan obyekt sahibləri var. Elə sizin mətbuat vasitəsilə də bildirmək istəyirəm ki, əgər restoranlarda qurğular vaxtaşırı təmizlənməsə, havaya atılan tullantının həddi normadan artıq olarsa, biz artıq həmin restoranların manqallarının fəaliyyətini dayandırmağa məcbur olacağıq. Bütün ictimai iaşə obyektləri bu məsələyə diqqət etməlidir. Bizim məqsədimiz kimisə cərimələmək, onun fəaliyyətini dayandırmaq deyil, havaya atılan tullantıların qarşısını alaraq təbiəti mühafizə etməkdir. Bundan başqa, restoranlarda toy və tədbir keçirən vətəndaşlarımıza çağırış edib bildirmək istəyirik ki, əvvəlcədən toy elədikləri restoranlarda qurğunun olub-olmaması ilə maraqlansınlar. Restoran seçimi edərkən bu kimi nüanslara diqqət yetirsələr, belə xoşagəlməz vəziyyətlərlə qarşılaşmarıq”.

“Niaqara”, “Lido”, “Monte Kristo” restoranlarından isə müxbirimizə bildirildi ki, onlar tərəfindən qaydalara tam əməl olunur: “Əslində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bütün restoran və iaşə obyektlərində təmizləyici qurğular quraşdırılması ilə bağlı göstəriş verilib. Problemə səbəb olan amil təmizləyici qurğulara nəzarət olunmaması və mütəmadi olaraq təmizlənməməsidir”.