Yeni bağlanmış kollektiv saziş həmkarlar ittifaqı təşkilatının fəaliyyətini daha da gücləndirəcək


Baxıldı : 478

Tarix : 2020-09-04 14:39:19


İyulun 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üçün Sahə Kollektiv Sazişi bağlanmışdır.

Nazir Muxtar Babayev və Respublika Komitəsinin sədri Telman Quliyev tərəfindən imzalanmış sazişdə üzv işçilərin əmək, sosial, iqtisadi  hüquq və maraqlarının müdafiəsi ilə bağlı tərəflərin sosial əməkdaşlığı, fəaliyyətlərinin əlaqələndirilməsi məsələləri, həmçinin əməyin, sağlamlığın mühafizəsi, mənzil, məişət və digər sahələrdə öhdəliklər əksini tapmışdır.

Sazişin imzalanması mərasimində ilk həmkarlar ittifaqı təşkilatları üçün normal iş şəraitinin yaradılması, kollektiv müqavilələrin bağlanması və ittifaqın fəaliyyətinin daha da yaxşılaşdırılması barədə müzakirələr aparılmışdır. Deyilmişdir ki, saziş bağlanarkən Baş Kollektiv Sazişin öhdəliklərindən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tövsiyələrindən istifadə olunmuşdur.

Sazişdə həmkarlar ittifaqlarının missiyasını geniş miqyasda həyata keçirməsini təmin edə biləcək maddələr yer almışdır. 2.2.2-ci maddəyə əsasən, nazirlik işçilərin əmək və sosial-iqtisadi hüquq və maraqlarının müdafiəsi ilə bağlı normativ aktların hazırlanması zamanı Respublika Komitəsini məlumatlandırmağa və rəyini almağa borcludur. Nazirliyin kollegiya iclaslarında, müvafiq komissiyalarının işində və digər tədbirlərdə Respublika Komitəsinin rəhbərliyinin, nümayəndələrinin iştirakı təmin olunacaq (maddə 2.2.5). Bu da üzvlərin sosial, əmək hüquqlarının daha yüksək səviyyədə müdafiəsinə imkan verəcək. 2.2.6-cı maddəyə görə, yuxarı orqan rəhbərlərinin qanunvericiliyə və kollektiv müqavilənin şərtlərinə zidd olan əmrləri (qərarı, sərəncamı) müvafiq həmkarlar ittifaqı komitəsinin rəsmi müraciəti əsasında dayandırılacaq və ya ləğv ediləcək. Nazirliyin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların rəhbərləri əmək qanunvericiliyinin tələblərini sazişdə, kollektiv müqavilədə götürdüyü öhdəlikləri ciddi şəkildə pozduqda, Respublika Komitəsinin, ilk təşkilatların tələbinə əsasən, intizam məsuliyyətinə cəlb ediləcəklər.

Sazişdə əməyin mühafizəsinə, mənzil-məişət, mədəni-kütləvi və idman, işçilərin sosial ehtiyaclarının ödənilməsinə, sağlamlığının mühafizəsinə və sair məsələlərə dair öhdəliklər var.

Sazişdə diqqətçəkən məqamlardan biri də odur ki, o, hazırlanan zaman sahə müəssisələrinin özəl xüsusiyyətləri nəzərə alınmaqla bərabər, öhdəliklərin icra mexanizmi də konkret işlənib razılaşdırılmışdır.

Nazirliyin strukturundakı rəhbər və məsul şəxslər sazişlə tanış edilmişdir. Onlara fəaliyyətlərində sazişin müddəalarına əməl etmələri tapşırılmışdır.