Yeni dəyişikliklər qəbul olunub


Baxıldı : 132

Tarix : 2016-11-21 12:58:00


Hər il yüzlərlə, hətta minlərlə insan yol-nəqliyyat hadisələrində həyatını itirir və yaralanır. Bunun səbəbi də hamıya məlumdur. Yol hərəkəti qaydaları pozulur, yüksək sürət, sürücü məsuliyyətsizliyi belə faciələrin yaşanmasına şərait yaradır. Hətta elə il də vardır ki, iki mindən çox insan qəzalarda dünyasını dəyişib.İndi yol infrastrukturu dünya standartlarına uyğunlaşdırılıb və yol qəzaları azalıb. Lakin milyonlarla cərimələr yenə də sürücüləri qaydaları pozmaqdan çəkindirmir. Bununla əlaqədar \ Yol hərəkəti haqqında\ Azərbaycan Respublikasının Qanunundakı maddələrdə dəyişikliklər edilməsi nəzərdə tutulub. 19 yaşınadək gənclərə B kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək yalnız təcrübəsi bir ildən az olmamaq şərtilə icarə veriləcək. Digər kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarə etməyə isə yaşı 21-dən aşağı olmamaq şərtilə ən azı üç il təcrübə lazımdır. Bütün bunlar çox yaxşıdır. Müxtəlif yollarla sürücülük vəsiqəsi alanlar ən ağır yol qəzaları törədirlər. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında deputatlar bildirmişlər ki, Qarabağ müharibəsində 30, yol qəzalarında isə 50 min insan həlak olmuşdur. Buna görə də sürücülük vəsiqəsinin satışı dayandırılmalıdır. Dövlət Yol Polisindən bildirdilər ki, yeni dəyişikliklər təcrübəsizlərin sükan arxasına keçməsinə imkan verməyəcək. Soruşduq ki, nəqliyyat və yol polisi əməkdaşı bu adamın bir il və ya 5 ildir avtomobil sürməyini necə müəyyən edəcək? Qeyd edildi ki, qanuna yeni dəyişikliklər qəbul olunub və müəyyən məsələlərin işlək mexanizminin həllinə vaxt lazımdır.Dəyişikliklərə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq. Başqa bir vacib məsələ isə təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət artırılacaq, videoçəkilişlər aparılacaq. Bununla əlaqədar Milli Məclisin Hüquq və Dövlət Quruculuğu Komitəsinin üzvü, deputat Çingiz Qənizadə qeyd etdi ki, ümumiyyətlə, bu dəyişikliyi mən bəyənirəm. Elə çox da təcrübəsi olmayan sürücülər avtomatik idarəetmədən mexanikaya keçərkən müəyyən çətinliklər yaranır. Bu gün yol hərəkətinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Belə bir qurum var və Nəqliyyat Nazirliyinin tabeliyindədir. Yaxşı olar ki, bu qurum da Dövlət Yol Polisinin nəzarətinə verilsin. Çünki işıqforlar işləməyəndə yol polisi operativ şəkildə problemə müdaxilə edə bilir.İclasda digər bir məsələ də müzakirə olunub. Azərbaycan ərazisində xarici ölkələrə məxsus sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar tətbiq olunur. Deputat Şahin İsmayılov bildirdi ki, vətəndaşımız yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi ilə ölkə ərazisində nəqliyyat vasitəsini bir ay müddətində idarə edə bilər. Eyni qaydalara görə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanda daimi yaşamaq üçün icazə aldıqda sürücülük vəsiqəsini bir aydan sonra dəyişdirməlidir. Burada da ortaya müəyyən suallar çıxır. Bu müddətdə onu ölkə ərazisində yol patrul xidməti saxlayarsa, o haradan biləcək ki, sürücü bir aydır və ya üç aydır burada avtomobil idarə edir. Çünki sürücülük vəsiqəsində ölkəyə giriş və çıxış göstərilmir. Bunun üçün gərək sərhəd keçid məntəqələri ilə birbaşa əlaqə yarada bilməlisən. Dəyişikliklər qəbul olunub. Buna qədər idarəetmə ilə bağlı bir imtahan verirdin, sürücülük vəsiqəsi alırdın. Belə sual ortalığa çıxır. Tutaq ki, vəsiqə almaq istəyən bir şəxs imtahan verərək avtomat ötürücülü maşın sürmək hüququ qazanır. Həmin şəxs bir və yaxud iki ildən sonra mexaniki ötürücülü maşın almaq imkanı əldə edir. O yenidən imtahan verməlidirmi? Qəbul olunmuş qanunda (təbii ki, yeni əlavələr olacaq) belə bir müddəa nəzərdə tutulmayıb.Əhəd İBADOV