Yeni devalvasiya gözlənilmir


Baxıldı : 207

Tarix : 2015-10-02 06:57:00


Asiya İnkşaf Bankı (AİB) dünya iqtisadiyyatında baş verən mürəkkəb qlobal iqtisadi proseslərin bir çox ölkələrin iqtisadi artımına, valyuta-maliyyə, qiymətli kağızlar bazarına təsir edəcəyinə dair yeni açıqlama ilə çıxış edib. Bankın \ Asian Development Outlook\ hesabatında yer alan yeni proqnoz göstəricilərinə əsasən, Avropa və Asiya ölkələrinin əksəriyyətində cari ilin son rübündə və yeni ilin əvvəllərində iqtisadi artım 2 dəfəyə yaxın aşağı düşəcək. Xüsusilə də neft istehsal edən ölkələrin tədiyyə balansında müəyyən azalmaların baş verməsi maliyyə gəlirlərinin azalması fonunda valyuta sektoruna təzyiqləri artıracaq. AİB son aylarda bir çox ölkələrin dünya bazarında neftin qiymətinin aşağı düşməsi və ölkəyə dollar axınının azalması səbəbindən devalvasiyaya getdiyini, bu prosesin yenidən baş verə biləcəyini istisna etmir. Cari ilin fevral ayında Azərbaycanda manatın dollara nisbətən 30% dəyərdən düşməsinə diqqət çəkən bank ekspertləri hökumətin milli valyutanın sabitliyinin qorunub saxlanması üçün təsirli addımlar atdığını vurğulayır. AİB hesab edir ki, qarşıdakı aylarda dollar-manat münasibətlərinin proqnozlaşdırılması çətindir. Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov isə AİB-in son açıqlamalarına münasibət bildirərkən narahatlığa əsas olmadığını bəyan edib. Bildirib ki, hökumət maliyyə-valyuta bazarına ciddi nəzarət edir və məzənnəni indiki kursa uyğun sabit saxlamaq üçün kifayət qədər resurslar mövcuddur. Baş bankir qeyd edib ki, vəziyyət normaldır, sabitdir: \ Valyuta bazarında sakitlik hökm sürür. Narahatçılıq üçün heç bir əsas yoxdur\ . Hazırda Azərbaycan hökuməti maliyyə bazarlarında baş verən prosesləri daim diqqətdə saxlayır və buna uyğun adekvat tədbirlər görür. 2016-cı ilin dövlət büdcəsi layihəsində manatın dollara nisbətən məzənnəsi 1,05 səviyyəsində müəyyən edilib və iqtisadiyyat hazırkı kursla idarə olunacaq. Layihəyə əsasən, gələn il xarici valyutada ifadə olunan büdcə daxil olmalarının və xərclərinin hesablamaları üçün manatın ABŞ dollarına nəzərən məzənnəsi 1,05 manat nəzərdə tutulub. MB bəyan edir ki, qlobal səviyyədə iqtisadi-maliyyə sıxıntıları davam edəcək və bu amil ölkələrin idxal-ixrac əməliyyatlarına, valyuta bazarlarına öz təsirlərini göstərəcək. Qlobal iqtisadiyyatda qeyri-sabit proseslər Avropa və MDB ölkələrinin valyuta sektorunda dəyişkənliklərin davam etməsi ilə müşahidə olunacaq, milli valyutaların məzənnələrinin dəyişməsi tendensiyası qaçılmaz edəcək. Dünya bazarında neftin qiymətinin 50-60 dollar çivarında olacağı proqnozlaşdırılır ki, bu, valyuta sabitliyi üçün təsir göstərən faktorlardan biridir. Manatın məzənnəsinin möhkəmlənməsində neftin qiymət faktoru mühüm rol oynayır və 2016-cı ildə neftin büdcə qiyməti 50 dollar hesablanacaq, bu isə manatın sabitliyinin təmin olunmasında Mərkəzi Bankın dominant rol oynayacağını əsaslandırır. MB öz resursları hesabına tənzimləyici addımlar atmaqla manatın dollar qarşısında ucuzlaşmasının qarşısını almağa çalışacaq. ELBRUS