“Yeni həmkarlar ittifaqı komitələri yaradılır”


Baxıldı : 64

Tarix : 2019-06-04 12:45:04


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının dəvəti ilə Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin “Şeker-İş” Həmkarlar İttifaqının nümayəndə heyətini qəbul edib.

AHİK sədri qonaqlara Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz sıralarında 1 milyon 500 min həmkarlar ittifaqı üzvünü birləşdirir. Hər ay ittifaq üzvlərinin sayının artırılması üçün mütəmadi olaraq işlər aparılır. Yeni həmkarlar ittifaqı komitələri yaradılır. Buna misal olaraq deyib ki, bu yaxınlarda Gömrük İşçilərinin Həmkarlar İttifaqı Birliyi yaradılıb. Həmin təşkilatda həmkarlar ittifaqı yaradılması üçün uzun müddət  iş aparılıb. Hazırda yeni yaradılan həmkarlar ittifaqının 7 minə yaxın üzvü vardır. S.Möhbalıyev qeyd edib ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri də özəl və transmilli sektorda həmkarlar ittifaqı təşkilatlarının yaradılmasıdır. Bu yolda bir sıra məhdudiyyətlər və əngəllər olsa da, məqsədimizə nail ola bilirik.

S.Möhbalıyev AHİK-in dövlət orqanları ilə işgüzar münasibətlərinin olduğunu diqqətə çatdırdı. Bildirdi ki, tərəfdaşlarla hər 2 ildən bir Baş Kollektiv Saziş imzalanır. Cəmiyyətin bütün sahələrini özündə ehtiva edən bu Saziş uzun müzakirələrdən sonra hazırlanır və ölkənin Baş Naziri, AHİK və Sahibkarların Milli Konfederasiyası tərəfindən imzalanır. Daha sonra isə bütün sahə həmkarlar ittifaqları, Baş Kollektiv Sazişin müddəalarını rəhbər tutaraq, işəgötürənlərlə kollektiv sazişlər bağlayırlar.

Son zamanlarda ölkə Prezidenti tərəfindən həyati əhəmiyyətli sərəncamların imzalanmasını qonaqların nəzərinə çatdıran AHİK sədri bu sərəncamların verilməsi nəticəsində işləyən əhalinin əməkhaqlarının artırılmasını, sosial müavinətlərin səviyyəsininn yüksəldilməsini, yeni müavinətlərin təyin edilməsini, pensiyaların, tələbə təqaüdlərinin artırılmasını və ümumilikdə insanların sosial rifahının yüksəldilməsini qeyd edərək bu istiqamətdə xeyli işlər görüldüyünü diqqətə çatdırıb.

Nümayəndə heyətinin başçısı, Türkiyənin “Şeker-İş” Həmkarlar İttifaqının prezidenti İsa Gök cavab çıxışında ölkəmizdə müşahidə etdiyi inkişafı, Azərbaycan həmkarlar ittifaqının fəaliyyətini yüksək qiymətləndirdi.

Görüşdə hər iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlığın daha da genişləndirilməsi, əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi də yer aldı.