Yeni il Avropa ölkələrində Özəl kursların verdikləri sertifikatlar hüquqi qüvvəyə malik deyil


Baxıldı : 51

Tarix : 2017-12-27 19:06:21


Ölkədə çoxlu sayda dil, kompüter, dizayn və sairə kimi kurslar fəaliyyət göstərir. Metroda, avtobuslarda, hətta küçələrdə belə onların reklamlarına rast gəlmək mümkündür. Bu kurslar yüksək təhsil, bəzən işlə təmin olunma haqqında vədlər də verir.

Bu cür kurslara inanmaq olarmı? Onlara nəzarəti hansı qurum yerinə yetirir?

Təhsil üzrə ekspert Kamran Əsədov qəzetimizə verdiyi müsahibəsində dedi ki, Azərbaycanda repetitorla alternativ olaraq bir qurum kimi hazırlıq kursları, tədris mərkəzləri fəaliyyət göstərir. Bunlar istər ali təhsil müəssislərinə, istər orta təhsil ixtisas müəssisələrinə qəbul və yaxud da ki, tələbələrdə və şagirdlərdə kompüter bilik və bacarıqlarının, xarici dil bacarıqlarının formalaşdırılması üçün öz xidmətlərini həyata keçirirlər: "Bu kursların qeydiyyatı və bütün məsələlər yalnız Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik həmin hüquqi və fiziki şəxslərin vaxtında vergi ödəmələrinə nəzarət edir, burada çalışan işçilərlə ödəyicilərin vaxtında əmək müqaviləsinin, xidmət müqavilələrinin olub-olmadıqlarını yoxlayır və hər kəsin qanunlar çərçivəsində vergi ödəməsinə nəzarət edir. Hər hansı bir təhsil qurumu və yaxud da təhsilə nəzarət edən orqanın burda yoxlama aparmaq, onların fəaliyyətlərinin monitorinqini həyata keçirmək səlahiyyəti yoxdur. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi də kursların yerləşdiyi binalara nəzarət edir. Belə ki, həmin binanın qəza vəziyyətində olub-olmamasını və normal tədris prosesinin həyata keçməsi üçün şəraiti müəyyən edir. Ancaq, təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən 750-dən çox özəl kurs, tədris mərkəzi, dil kursu, kompüter mərkəzi, məktəbəqədər özəl bağçalara təhsilin keyfiyyətinə nəzarət edə biləcək bir qurum yoxdur. Bu da ciddi şəkildə nöqsanlar ortaya qoyur.

Mən bütün valideynlərə həmişə demişəm ki, övladlarını hansısa tədris mərkəzlərinin sınaqlarında deyil,  Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi sınaqlarda yoxlasınlar. Çünki məhz DİM-in keçirdiyi sınaq imtahanlarında qəbul proqramları ilə eyniyyət təşkil edən test tapşırıqları ilə şagirdlərin bilik və bacarıqlarını dəqiq yoxlamaq mümkündür".

Ekspert onu da qeyd etdi ki, özəl kursların verdikləri sertifikatlar hər hansı bir hüquqi qüvvəyə malik deyil. Yəni istənilən bir şəxs gedib o kurslara vəsait ödəməklə istədiyi bilik və bacarıq dərəcəsinə yüksəlməsi, səviyyəsini mənimsəməsi ilə bağlı sənəd əldə edə bilər. Hüquqi sənədə malik olan diplomlar və sertifikatlar yalnız dövlət tərəfindən təsdiq edilmiş və lisenziya almış qurumlar tərəfindən verilə bilər".

Aliyə SƏMƏDOVA