Yeni il məhsullarının keyfiyyəti və qiyməti


Baxıldı : 474

Tarix : 2017-12-15 21:53:21


Yeni ilin gəlməsinə az qalıb. Hər il bu bayram müxtəlif ölkələrdə eyni həyəcan, təntənə və ruh yüksəkliyi ilə qarşılanır. Bakıda da bayram əhvali-ruhiyyəsi indidən hiss olunmağa başlayıb və  əhalinin artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması məqsədilə şəhərin bir neçə yerində yarmarkalar təşkil olunur.

Yarmarkalarda qiymətlər necə tənzimlənir? Satılan malların keyfiyyətinə nəzarət varmı? Mövcud bazar qiymətləri ilə fərq hiss olunurmu?

Sualları Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırova ünvanladıq. O  bildirdi ki, hazırda paytaxtın müxtəlif rayonlarının ərazilərində 10- 15 arası yarmarka fəaliyyət göstərir: "Əhalinin bayram çadırlarından alış-verişə marağı yüksək olur. Ötən il bu təcrübəni tətbiq etdik və insanlar xidmətdən razı qaldılar. Bu imkandan daha yaxşı yararlana bilmək üçün yarmarkalar metrostansiyaların çıxışlarında  təşkil olunub. Yanvar ayının 3-nə kimi davam edəcək bayram çadırlarının təşkilində əsas məqsəd pərakəndə satışın qarşısını almaq və bayram məhsullarını  bazara nisbətən aşağı qiymətlərlə təklif etməkdir. Yarmarkada yeni il aksesuarları, təbii və süni yolkalar, hədiyyələr, elektrik avadanlıqları, yeni il şirniyyatlarının satışı həyata keçirilir. Qiymət və satışa departament birbaşa nəzarət edir".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzuyla bağlı bildirdi ki, istər yarmarkalarda, istərsə də bazarlarda keyfiyyətsiz məhsullar kifayət qədərdir və bayram ərəfəsində onların həcmi daha da artır: "Təhlükəli, standartlara uyğun olmayan çoxlu sayda məhsullar var. Xüsusən də valideynlərə xəbərdarlıq etmək lazımdır ki, hər il Yeni ildən sonra zəhərlənmələrlə bağlı bizə çoxsaylı zənglər daxil olur. Köhnə malları hədiyyə qutularına yığıb satışa çıxarırlar. Uşaqlara bu cür hədiyyələri verməzdən qabaq onların buraxılma tarixinə baxılmalı, keyfiyyətinə diqqət edilməlidir. Malların təxminən 80 faizi heç bir sertifikatı olmadan satılır. Ona görə də istehlakçılar diqqətli olmalıdır. Çörək və bulka kimi un məmulatlarının saxlanma müddəti 72, tortların saxlanma müddəti isə 36 saatdır. Əgər məhsul alıcını qane etmirsə, onu qaytarmaq hüququ var. Bütün hallarda istehlakçıların müdafiəsi haqqında qanuna görə, ərzaq məhsullarını 14 gün ərzində yararlılıq müddəti keçməyibsə, qaytarmaq və ya dəyişdirmək olar".

E.Hüseynov dedi ki, qida sahəsində, yəqin ki, gələn ildən müəyyən irəliləyiş olacaq: " Biz gözləyirik ki, yanvar ayından fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi bu durumu qaydaya salacaq. Məlumat üçün deyim ki, ölkə prezidentinin Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında imzaladığı fərman böyük əhəmiyyətə malikdir. Ölkədə bu sahədə ayrıca strukturun yaradılmasına çoxdan ehtiyac var idi".

Əsli ƏHMƏDOVA