Yeni kollektiv müqavilə imzalandı


Baxıldı : 37

Tarix : 2020-01-10 15:14:57


Dekabrın 28-də “Xidmət-İş” Hİ Federasiyasının xidmətində olan “Carlsberq Azerbaijan” MMC rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi arasında 2020-2023-cü illər üçün kollektiv müqavilə imzalanıb.

Kollektiv müqavilənin layihəsi tərəfdaşların yaratdıqları bərabərhüquqlu komissiya tərəfindən hazırlanıb. Layihə hazırlanarkən aşağıdakı prinsiplər əsas götürülüb: obyektiv səbəbdən təmin edilə bilməyən öhdəliklər götürülməsin; hər iki tərəf öhdəliklərin icrasına təminat verməlidir; qanunvericiliyin tələblərinə əməl olunmalıdır; öhdəliklərin icrası və icrasına nəzarət məsuliyyəti bərabər bölünür.

Kollektiv müqavilədə Əmək Məcəlləsinin tələbləri ilə yanaşı, müəssisənin daxili potensialının verdiyi imkanlar da əksini tapıb. Öhdəliklərdə qeyd olunur ki, kollektiv müqavilə, həmkarlar ittifaqının üzvü olub-olmamasından asılı olmayaraq, bütün işçilərə şamil edilir.

İşçilər pulsuz nahar yeməyi ilə təmin olunur. Hərəkətli  iş rejimi olan işçilərə nahar üçün aylıq pul vəsaiti verilir.

Əmək normalarının tətbiqi, dəyişdirilməsi və onlara yenidən baxılması, iş və xidmətlərin qiyməti və vaxt norması həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılaraq həll edilir. Yeni normaların tətbiqi barədə işçilərə ən azı bir ay əvvəl xəbər verilir, qanunvericilikdə nəzərdə tutulan qaydada həyata keçirilir.

Kollektiv müqavilənin öhdəliklərinə zidd olan qərarların icrasını mübahisəli məsələlər üzrə razılığa gələnədək dayandırmaq işəgötürəndən tələb edilsin.

Müəssisədə 5 il (və ondan artıq) işləmiş işçilərlə bağlanmış müddətli əmək müqavilələri müddətsiz bağlanmış hesab edilsin və bağlanmış əmək müqavilələrinin müddətli əmək müqavilələri edilməsinə yol verilməsin.

Qeyri- formal əmək münasibətlərinin qarşısını almaq ilə işçiləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər üzərində sosial tərəfdaşların birgə nəzarəti gücləndirilsin.

Sosial əmək və iqtisadi münasibətlər sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrinin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirsin, bu sahədə infrastrukturun təkmilləşdirilməsi və birgə tərəfdaşlıq təşkil edilsin.

Qeyd edək ki, müəssisədə bütün işçilər əvvəlki kollektiv müqaviləyə əsasən sığorta olunur. Kollektiv müqavilə Azərbaycan və rus dillərində imzalanıb. Mübahisələrdə üstünlük Azrbaycan dilində olan kollektiv müqaviləyə verilir.