Yeni kredit fondu yaradılır


Baxıldı : 274

Tarix : 2015-02-21 04:35:00


Mərkəzi Bank (MB) ölkə iqtisadiyyatına kredit axınını sürətləndirmək və bu prosesə əlavə maliyyə mənbələri cəlb etmək niyyətindədir. Hazırda ölkədə 40-dan çox bankın olmasına baxmayaraq, dövlət onların real sektora kredit verməsini məqbul saymır. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, iqtisadiyyatda sahibkarlıq sektoru mühüm rol oynayır və real sektorun inkişafı sahibkarlardan çox asılıdır. Dövlət öz imkanları hesabına sahibkarlara maliyyə dəstəyini artırır, amma bankların bu prosesdə iştirakı qeyri-qənaətbəxşdir. Buna görə də MB real iqtisadiyyata ucuz və uzunmüddətli kreditlərin verilməsini düşünür. Baş bankir bildirib ki, Azərbaycan dövləti özünün maliyyə resurslarını kiçik və orta sahibkarlığın inkişafına yönəltməyi planlaşdırır. Bu məqsədlə yeni bir fondun yaradılmasına başlanılıb.Azərbaycan dövlətinin kifayət qədər iqtisadi resursunun olduğunu xatırladan E.Rüstəmov vurğulayıb ki, dövlət iqtisadiyyatın real sektorunu birbaşa öz imkanları hesabına inkişaf etdirmək və aşağı faizli kreditlərlə özəl sektoru maliyyələşdirmək niyyətindədir. Belə bir təcrübə 10 ildən artıqdır ki, var. Dövlət Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlara aşağı faizli kreditlər verir. Nəticədə regionlarda yeni müəssisələrin yaradılması daha da genişlənir. Ona görə də həmin fonda oxşar maliyyə instutunun yaradılması məqsədəuyğun hesab edilir. Yeni kredit institutunun yaradılması Sahibkarlığa Kömək Milli Fondunun ləğvinə, yaxud səlahiyyətlərinin azaldılmasına səbəb olmayacaq. Hər iki qurum əsas məqsəd kimi sahibkarlığa daha yaxşı maliyyə xidmətləri göstərməyə çalışacaq. ELBRUS