Yeni maddələr əlavə ediləcək


Baxıldı : 65

Tarix : 2017-05-05 22:32:27


UEFA 2024-cü ildə keçiriləcək Avropa Çempionatı üçün ölkələrin təklifvermə standartlarına, insan hüquqlarının qorunması və yolsuzluqla mübarizə üçün yeni maddələr əlavə edib. İdman Hüquqları Alyansı  dəyişikliklərin rüşvətxorluq, səlahiyyətdən qeyri-qanuni istifadə kimi halların qarşısını almaq məqsədilə qəbul edildiyini bildirib. Qeyd olunub ki, hazırda  bu çempionata Almaniya və Türkiyə ev sahibliyi üçün müraciət ediblər. 2018-ci ilin mart ayına qədər  ölkələr  təklif sənədi hazırlayıb təhvil verməlidir. Araşdırmalardan sonra həmin ilin sentyabr ayında qalib ölkənin adı UEFA tərəfindən açıqlanacaq.  Burada təkcə logistika, futbol stadionlarının, otellərin yoxlanılması deyil, həmin ölkədə insan hüquqlarına hörmət və rüşvətxorluqla mübarizə də araşdırılacaq. Daha öncə təşkil olunan 2016-cı il Rio Olimpiadasında zorakılıq və polis qəddarlığı, çalışanların maaşlarının tam şəkildə ödənilməməsi, 2014-cü il Soçi Olimpiadasında  infrastruktur problemi, 2008-ci il Pekin Olimpiadasında mətbuat azadlığının pozulması UEFA-nı belə addım atmağa sövq edib. 2022-ci ildə keçiriləcək Qətər Olimpiadasında da hazırda işçi hüquqlarının pozulması ilə bağlı faktlar var. Qurumun yeni təklifi irəlidə bu və ya  digər problemin yaranmamasına imkan verəcək.

"Avro 2024"-ə ev sahibliyi üçün müraciət edən ölkələr uşaq hüquqlarının qorunması, işçilərin qida zənciri, idman meydançalarının tikintisi zamanı çalışanların hüquqlarının müdafiəsinə nəzarət, uşaq əməyindən istifadəyə qarşı görülən tədbir, yarışlar zamanı göstərilən xidmət və s. barədə raport təqdim etməlidir.

Qeyd edək ki, İdman Hüquqları Alyansı, Dünya Futbol Federasiyası Birliyi, Avropa Futbol Tərəfdarları Birliyi, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, UNİ Qlobal İttifaqı, Dünya Ticarət Təşkilatı da daxil olmaqla əsas insan hüquqları müdafiəsi təşkilatlarının, idman qrupları və həmkarlar ittifaqlarının koalisiyasıdır. Vəzifəsi beynəlxalq idman oyunları zamanı insan hüquqlarının qorunmasına nəzarət və rüşvətxorluqla mübarizədir.

Cavid SƏFƏROV