Yeni mərhələnin başlanğıcı


Baxıldı : 131

Tarix : 2019-06-07 14:32:11


28 May - Respublika Günü ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşəbbüsü ilə Milli Məclisin deputatı Qənirə Paşayeva və Türkiyənin tanınmış yazarı Məryəm Aybikə Sinan ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan  AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov xalqımızı Respublika Günü münasibətilə təbrik edib.

Sonra çıxış edən millət vəkili Qənirə Paşayeva xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-nin hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu bir gün olduğunu qeyd edib: “Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız həmin gün Çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu”.

Sonda qonaqlara institutun HİK tərəfindən hədiyyələr təqdim olundu. Qənirə Paşayeva “Allah sevən qəlblərdədir” kitabını, Məryəm Aybike Sinan isə “Raziye Begüm Sultan”, “Aşk-ı Revan” kitablarını institutun əməkdaşlarına hədiyyə ediblər.