Yeni metod və formalar mənimsənilməlidir


Baxıldı : 45

Tarix : 2017-09-16 01:04:52


Bu günlərdə Rusiya Federasiyasının  Moskva şəhərində Beynəlxalq Ticarət, İctimai İaşə, İstehlak Kooperasiyası və digər sahibkarlıq sahələri işçiləri Həmkarlar İttifaqı Konfederasiyasının (KPT) VI qurultayı keçirildi. Qurultaya Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibinin müavini V.Yuryev, "Sülh Fondu" Beynəlxalq Assosiasiyasının I vitse-prezidenti S.Baburin, "YUSTO" Avropa universitetlərinin rəhbərləri dəvət olunmuşdular.

Əvvəlcə KPT sədri Valentina Mitrofanovanın hesabat məruzəsi dinlənildi. Hesabat məruzəsində əsas diqqət əmək bazarında xüsusi çəkisi olan ticarət və iaşə işçilərinin maraqlarının qorunması işində həmkarlar ittifaqlarının mövqeyinin daha da yüksəldilməsinə yönəldi. Etiraf olundu ki, bu sahələrdə qeyri-formal iqtisadiyyata meyillilik daha güclüdür. Sahə işçilərinin əməyinin leqallaşdırılması üçün həmkarlar ittifaqı qurumları günün tələblərinə cavab verə biləcək metod və formaları mənimsəməli və tətbiq etməlidir. Çalışmalıyıq ki, ticarət, iaşə və fərdi sahibkarlıqla məşğul olan insanlar həmkarlar ittifaqı sıralarında təşkilatlansınlar. Bundan ötrü maarifləndirmə işi müntəzəm və səmərəli aparılmalıdır.

Məruzədə bir çox üzv ölkələrdə sahə işçilərinin yaşadığı problemlərə də toxunuldu.

Məruzə ətrafında çıxışlarda Azərbaycan "Xidmət-İş" Hİ Federasiyasının I vitse-prezidenti  Sadət  Tahirova da çıxış etdi. O, təmsilçisi olduğu təşkilatın müxtəlif sahələrdə gördüyü işlər barədə ətraflı məlumat verdi.

Konfederasiyanın 2017-2022-ci illər üçün fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdirildi.

Sonra təşkilati məsələlərə baxıldı. Qurultay nümayəndələri KPT-nin sədri vəzifəsini yenidən V.Mitrofanovaya etibar etdilər. Ümumhəmkarlar İttifaqları Konfederasiyasına nümayəndələr seçildi.

Həmkarlar ittifaqı hərəkatında həmrəyliyin möhkəmlənməsində xidmətlərinə görə 3 nəfər, o cümlədən "Xidmət-İş"in prezidenti İlyas Əliyev və vitse-prezidenti Sadət Tahirova Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Fəxri Fərmanı ilə təltif olundular. S.Tahirova həm də Konfederasiyanın gümüş döş xatirə nişanına layiq görüldü.

Bəyalı RZAYEV