Yeni prezidentlik dövrünün bir ili, xalq-lider sarsılmaz birliyi


Baxıldı : 1497

Tarix : 2019-04-12 18:10:24


Cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də xalqın böyük əksəriyyətinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsindən artıq bir il keçir. Ötən müddət ərzində sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən islahatların həyatımızın ən müxtəlif sahələrində daha da geniş vüsət aldığını görürük. Bu dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib. Dövlət başçısının siyasi fəaliyyətində məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu son bir ildə aparılan ardıcıl islahatlar bir daha təsdiq edir.

Qeyd edək ki, seçkilərdən sonrakı dövrdə reallaşdırılan uğurlu sosial islahatlar paketi ölkədə vətəndaş rifahında ciddi müsbət dəyişikliklərə yol açıb. 

Prezidentin son bir ildə həyata keçirdiyi struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi və digər məsələlərin həlli istiqamətində ciddi addımlar olub.

Əməkhaqlarının, təqaüdlərin artırılması, problemli kreditlərin həlli, şəhid ailələrinə verilən kompensasiyalar, məcburi köçkünlərin mənzillə təmin olunması ilə bağlı görülən işlər onun xalqımızla birlikdə olduğunu bir daha sübut edir. Regionlara səfəri zamanı ölkə başçısı insanlarla birbaşa ünsiyyətə girərək onları maraqlandıran, narahat edən məsələləri dinləyib.

 “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” deyən ölkə başçısının sözləri əhalinin rifah halının yaxşılaşdırılması sahəsində ötən dövrdə ciddi addımların atılması ilə real təsdiqini tapıb. Pensiya, maaş artımı, həyata keçirilən irimiqyaslı sosial layihələr, təhsil, səhiyyə proqramları, biznesə yaradılmış şərait və bütün bunlardan insanların bəhrələnməsi dövlətçiliyimizin inkişafına xidmət edir.

Prezidentin həyata keçirdiyi siyasətin əsas məqsədi, başlıca niyyəti insanların rifah halının yaxşılaşdırılması, onlara göstərilən qayğının daha da artırılması və onun həyat yaşayışının müasirləşməsidir.

Beləliklə, ötən dövr ərzində qəbul olunan sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verdi.

Dövlətimizin gücündən, artan imkanlarından faydalanan vətəndaşlar olaraq sayımız indi on milyondur. Sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır. Ölkəmizdə sosial-iqtisadi inkişafın güclənməsi sosial-rifah səviyyəsinin yaxşılaşmasına, o cümlədən birbaşa əhalinin artımına təsir edir.

Sosial xarakterli layihələrin həyata keçirilməsi öz növbəsində iqtisadi islahatların səmərəliliyinə dəlalət edir. Belə ki, yalnız güclü iqtisadiyyata malik olan ölkələrdə kompleks sosial islahatları həyata keçirmək mümkündür. Deməli, minimum əməkhaqqının, minimum pensiyanın, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması eyni zamanda  Azərbaycan iqtisadiyyatının güclü potensialının göstəricisidir.

Prezident seçkilərindən ötən bir il ərzində böyük sürətlə həyata keçirilmiş uğurlu sosial və iqtisadi islahatlar, genişmiqyaslı infrastruktur quruculuğunun davam etdirilməsi Azərbaycan dövlətinin beynəlxalq imicinin daha da gücləndirilməsini təmin etməklə yanaşı, ölkəmizə olan etimadı əhəmiyyətli dərəcədə artırır.

Hər bir xalqın öz prezidentlərinə inamının əsasında həmin ölkənin başçısının həyata keçirdiyi siyasətin dövlət və milli maraqlara cavab verməsi, reallaşdırılan islahatların hədəfində vətəndaşının mənafeyinin üstün tutulmasıdır.

“Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri də məhz xalqın bu inam və dəstəyini bir daha bütün dünyaya nümayiş etdirir. Xalq Prezident İlham Əliyevin yorulmadan dövlətçiliyin möhkəmləndirilməsi, insanların firavan həyat şəraitinin inkişaf etdirilməsi naminə apardığı inqilabi islahatları, daxili və xarici siyasəti yüksək qiymətləndirir.