Yeni qanunda kvota üzrə iş yerləri ayrılan şəxslərin kateqoriyaları müəyyən edilib


Baxıldı : 84

Tarix : 2018-08-31 18:44:30


Bu il iyunun 29-da qəbul olunan “Məşğulluq haqqında” Qanunda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları müəyyən edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onların sırasına əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.

Qanunda onların məşğulluğu üçün əlavə təminatlar da əksini tapıb. Həmin təminatlardan biri də iş yerləri üzrə onlar üçün kvota müəyyən edilməsidir. Qanuna əsasən, kvotanın miqdarı müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının beş faizindən çox olmamaq şərtilə müəyyən olunur.

Məşğulluq mərkəzi tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər isə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.