Yeni qanunların BƏT standartlarına uyğun olacağı vəd edilib


Baxıldı : 70

Tarix : 2020-03-06 17:19:46


Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Avropa Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Ukrayna hökumətindən əməkhaqqında yeni qanunun Beynəlxalq Əmək Təşkilatının (BƏT) standartlarına və Avropa İttifaqının (Aİ) əmək qanunvericiliyinə uyğun olacağına dair vədlər əldə edib. Eyni zamanda qanunvericilik aktlarının hazırlanması zamanı həmkarlar ittifaqları ilə məsləhətləşmələr aparılacağına dair vəd verilib.  Ukrayna ilə Aİ arasında assosiasiya haqqında sazişə uyğun olaraq Ukrayna BƏT-in əsas standartlarına, BƏT-in təsdiq etdiyi konvensiyalara və Aİ-nin müvafiq qanunlarına riayət etməyi öhdəsinə götürür. Bu vədlər ötən həftə BHİK və AHİK-in yüksək səviyyəli missiyasının üzvlərinə Ukraynada verilib.

Missiya hökumətin dekabrın 27-də ölkədə əsas işçi hüquqlarını aradan qaldıran və işçilərin iş şəraitini pisləşdirən müddəaları özündə birləşdirən yeni əmək qanunu layihəsini təklif etdikdən sonra göndərilib.

“Ukraynalı nazirləri və siyasətçiləri bizə verilən andları və vədləri yerinə yetirməyə məcbur edəcəyik. Qanun layihələrinin BƏT-in standartlarına və Aİ ilə assosiasiya razılaşmasına uyğunlaşdırılmasına diqqət yetirəcəyik”, -deyə Luka Visentini bildirib.

BHİK-in Baş katibinin müavini Ouen Tyudor deyib ki, ədalət, dürüstlük və işçilərə hörmətin zəfər qazanacağına ümid edirik. Həmkarlar ittifaqları işçilərin təmsilçiliyinin gücləndirilməsi, əməkhaqqı borclarının aradan qaldırılması və ümumilikdə əməkhaqqının artırılması üçün fürsətlərdən istifadə edə biləcəklər. BHİK və AHİK bundan sonra da Ukrayna həmkarlar ittifaqı hərəkatına dəstək verəcək və real məsləhətləşmə prosesləri çərçivəsində hökumətlə əməkdaşlıq etməyə hazır olacaq.

Qeyd edək ki, bütün dünya həmkarlar ittifaqları tərəfindən ukraynalı həmkarlarına dəstək məqsədilə keçirilən həmrəylik aksiyaları və dekabr ayında qəbul olunmuş qanun layihəsinin beynəlxalq səviyyədə tənqidi, həmçinin ölkə daxilində Ukrayna həmkarlar ittifaqlarının etirazları hökumətə qərarını dəyişməsində təsir göstərib.