Yeni qanunun qəbulundan sonra rəqabət mühiti güclənəcək


Baxıldı : 357

Tarix : 2016-11-23 16:08:58


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə lisenziyaların sayının həddən artıq çox olması məsələsinə də toxunub. Prezidentin tapşırıqlarından sonra İqtisadiyyat və Sənaye Nazirliyi ölkədə bir sıra lisenziyaların ləğv edilməsini təklif etdi.İqtisadçı-ekspert Rəşad Həsənov sözügedən fərmanı Prezidentin Nazirlər Kabinetinin son iclasındakı çıxışının davamı kimi qiymətləndirib: \ Əgər fərmanda nəzərdə tutulanların yerinə yetirilməsinə nəzarət olacaqsa, bu zaman sahibkarlıq fəaliyyətinə xeyirindən danışmaq olar. Əvvəlki dövrlərdə Azərbaycanda mövcud olan 5-dən artıq dövlət qurumunun müxtəlif fəaliyyət növləri üzrə lisenziya və icazə vermək səlahiyyəti vardı. Bu öz-özlüyündə subyektiv yanaşmalar ortaya qoyurdu. İcazələr verilən zaman fərqli metodlar, prosedur qaydaları tətbiq olunurdu. Bundan əlavə, bu hal hansısa formada nöqsanlarla, korrupsiya ilə mübarizə aparmağın qarşısında xüsusi maneə idi. Bu ona şərait yaradırdı ki, hansısa qurumlar özlərinə yaxın bildiyi sahibkarlara daha üstün mövqe nümayiş etdirirdilər. Bu isə növbəti dövrlər üçün monopoliyanın əsas səbəblərindən sayılırdı\ .Ekspert qeyd edib ki, bundan sonrakı dövrlərdə istənilən sahibkar ASAN xidmət” vasitəsilə lisenziyaları əldə edə biləcək: \ Çünki fərmanın ən böyük tələblərindən biri məhz bundan ibarətdir. Bu, özü şəfaflığı təmin edəcək, subyektiv yanaşmanı aradan qaldıracaq. Sahibkar tələb olunan formada fəaliyyətini təmin edəcək. Bu, bazar iştirakçılarının sayını artıracaq, rəqabət mühitini gücləndirəcək. Eyni zamanda inhisarçı qiymətlərin aşağı düşməsinə şərait yaradacaq. Əvvəlki illərdə lisenziyaların verilməsində inhisarçılıq vardı. Yüksək qiymətlər mövcud idi. Lakin bu fərman öz-özlüyündə bazarlardakı qiymətlərdə 30-40 faiz azalmaya gətirəcək\ . A.MUSTAFAYEV