Yeni sadələşdirilmiş mexanizm tətbiq ediləcək


Baxıldı : 66

Tarix : 2019-02-04 04:26:58


Əvvəllər kiminsə kiməsə borcu vardısa, fərqi yoxdur, bank kreditləri və ya vətəndaşların bir-birinə verdiyi girovsuz borc, tərəflər arasında ziddiyyət yaranan zaman  məhkəməyə müraciət edilirdi. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” qanuna edilən dəyişiklikdən sonra - bu ildən yeni sadələşdirilmiş mexanizmin tətbiqi vasitəsilə, yəni notariatların icra qeydi ilə borcların alınması mümkün olacaq. Tərəflər arasında  borc müqaviləsi varsa, birbaşa notariusun icra qeydi əsasında icra məmurları borcun alınmasını təmin edəcək. Girovsuz kredit və ya borc verən banklar və vətəndaşlar bundan sonra pullarını asanlıqla və daha tez geri almaq hüququ qazanacaqlar.

İqtisadçı alim Vüqar Bayramov mövzu ilə bağlı qəzetimizə verdiyi açıqlamada qeyd etdi ki, yeni qaydanın tətbiq edilməsi borcların qısa müddət ərzində alınması baxımından vacib hesab edilir. Çünki indiyədək istər bankların, istərsə də vətəndaşların verdikləri borcların geri alınmasında yaşanan problemlərin həll olunması zamanı çətinliklər yaranırdı. Belə ki, məhkəmə çəkişmələri obyektiv səbəblərdə kifayət qədər uzun  zaman tələb edirdi. Yeni qaydanın tətbiqi isə verilən borcların notarial qaydada yazılı şəkildə təsdiqini tapmasına və prosedurların asanlaşmasına səbəb olacaq. Əsasən bu dəyişiklik bank sektoruna müsbət təsir edəcək. Problemli kredit kimi rəsmiləşən borcların bu mexanizmin  tətbiqi ilə geri alınması asanlaşacaq.

Dəyişikliyə səbəb olan amillər və yeni proseslərin necə icra olunacağı barədə məlumat verən ekspert Əkrəm Həsənov isə dedi ki, bu qərarın verilməsinin əsas  səbəbi  məhkəmələrdə borclarla əlaqəli işin çoxluğudur. Əvvəllər belə problemlərdə məhkəmə əmr icraatında işə baxırdı, yəni əmri qiyabi olurdu, məhkəmə borcalanı çağırmırdı, yalnız mövcud sənədlər əsasında əmr verirdi: “Borcalanın 10 gün vaxtı vardı ki, həmin əmrə etiraz versin. Kim etiraz verirdisə, hakim artıq işə məhkəmə istintaqı şəklində baxırdı. Bu ildən məhkəmələrdə əmr icraatı ləğv olundu və bu səlahiyyət notariuslara verildi, fərq budur. İndi notariusun icra qeydi ilə bu borcun təmin edilməsini icra məmuru yerinə yetirəcək. Banklar bundan daha çox istifadə edəcəklər. Düzdür, icra məmurları borcalanın imkanını araşdırmalıdır, əgər imkanı yoxdursa, qanuna görə borc silinməlidir, amma hələlik bizdə belə bir praktika yoxdur”.

Yeni qanuna görə, həmçinin  borc alınan sənədlərin siyahısında alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı lazım olacaq.

Azərbaycanda notarial qaydada bağlanan borc müqavilələrinin sayının azalmasına gəlincə isə  Ə.Həsənov hesab edir ki, bu notariat xidməti göstərənlərin 90 faizinin bilik səviyyəsinin aşağı olması ilə bağlıdır.

Əsli TELMANQIZI