“Yeni təcrübə tətbiq olunacaq”


Baxıldı : 172

Tarix : 2019-09-13 18:26:53


Tədris ilinin başlamasına sayılı günlər qalıb. Bildiyimiz kimi, respublika Prezidenti İlham Əliyevin 21 avqust 2004 - cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində 15 Sentyabr Bilik Günü kimi qeyd olunur.

Təhsil Naziriyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov təhsil sahəsində görülən işlərdən və qarşıda duran planlardan söz açaraq bildirdi ki, bu il ilk dəfə olaraq ümumi təhsil müəssisələrində şagirdlərin gələcək məşğulluğunun təmin edilməsi, qabiliyyətlərinə uyğun peşələrin seçilməsi ilə bağlı yeni təcrübə tətbiq olunacaq. Belə ki, 20 məktəbdə  peşə təmayüllü siniflər açılacaq. Bu siniflərdə təhsil alan şagirdlər məktəbi bitirəndə tam orta məktəbi bitirmək haqqında sənədlə bərabər, eyni zamanda öyrəndikləri peşə sahəsi üzrə də sənəd almış olacaqlar. Bu da onların məktəbi bitirən kimi həmin peşə sahəsi üzrə əmək fəaliyyətinə başlamasına şərait yaradacaq.

F. Qədirov qeyd etdi ki, məktəbin vəzifəsi yalnız ali məktəblərə mütəxəssis hazırlamaq deyil, ümumilikdə təhsil alanları həyata, əmək fəaliyyətinə hazırlamaqdır. Digər bir yenilik isə ondan ibarətdir ki, bu il ilk dəfə olaraq ümumi təhsil müəssisələrində təxminən 6 min şagirdin iştirakı ilə sistem adlı layihəyə başlanacaq.  Bu layihə təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat elmlərinin inteqrativ tədrisini nəzərdə tutur. Bu layihəyə zərurət ondan yarandı ki, dünyada və beynəlxalq  qiymətləndirmədə şagirdlərin nailiyyətləri ölçülərkən onların inteqrativ bacarıqları daha çox dəyərləndirilir. İlkin mərhələdə layihəyə daha az şagirdlə başlayırıq, lakin nəticələr təhlil edildikdən sonra bu, daha çox şagirdi əhatə etməklə həyata keçiriləcək. İstedadlı şagirdlərin aşkar edilməsi və onların inkişafı ilə bağlı da sistemli iş aparılır. Bunun nəticəsidir ki, beynəlxalq olimpiadalarda uğurlarımız ildən-ilə artır. Bu il təhsil qanunvericiliyində edilmiş dəyişikliyə əsasən, həm ölkədaxili, həm də beynəlxalq fənn olimpiadalarında qalib olmuş şagirdlər imtahansız ali məktəblərə qəbul olmaq hüququ əldə etdilər. Bu istiqamətdə Təhsil Nazirliyi daha bir yenilik edib. Bu ildən regionlarda da istedadlı şagirdlərlə işin gücləndirilməsi üçün Bakıda fəaliyyət göstərən fizika, riyaziyyat, informatika və kimya -biologiya  təmayüllü liseylərin daha dörd regionda filialları  yaradılıb. Bu fənlər üzrə istedadlı şagirdlər seçilib həmin lisey və olimpiada mərkəzlərində təhsil ala biləcələr.

F. Qədirov müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də söz açdı. Bildirdi ki, nazirlik tərəfindən müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb.

Ötən dərs ilində 150 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb və əməkhaqları əhəmiyyətli dərəcədə artıb. Sentyabr ayının 1-dən respublika Prezidenti İlham Əliyevin sərəncamına əsasən, onların əməkhaqları daha 20 faiz artırılaraq orta hesabla 600 manata çatdırılıb.

Bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir.

Nazirlik rəsmisi onu da qeyd etdi ki, hər il təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, yeni məktəb binaları tikilir və yaxud əsaslı təmir olunur. Artıq Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmışdır. 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Bundan əlavə, 353 məktəbdə təmir-tikinti işləri aparılıb.