Yeni tikili binalarda  düzgün nəzarət mexanizmi tətbiq olunmalıdır


Baxıldı : 920

Tarix : 2020-09-11 16:19:22


2018-ci il iyun ayından müqaviləli mənzillərin alqı-satqı prosesinin notarial qaydada aparılması təklifi təsdiq olunsa da, bu təklifə cəmi bir neçə tikinti şirkəti əməl edir, digərləri isə fəaliyyətlərini köhnə qaydada davam etdirirlər. Şirkət rəhbərləri tərəfindən öhdəliyin vaxtlı-vaxtında yerinə yetirilməməsi, bir mənzilin bir neçə adama satılması, layihələrin standartlara uyğun olmaması, illərdir insanların yaşamasına baxmayaraq, hələ də qazsız və nəhayət çıxarışsız (kupçasız) qalan mənzillərin problemi həllini tapa bilmir.

 

Bu problemlərə tikinti eksperti Elnur Fərzəliyev münasibət bildirərək dedi: “Qonşu ölkələrin təcrübəsi göstərir ki, bu problemlərin aradan qaldırılması üçün öncə daşınmaz əmlak sektoruna, xüsusən də yeni tikili binalara dövlət tərəfindən zəmanət verilməlidir. Məsələn, Türkiyə, Rusiya kimi ölkələrdə  tikinti şirkətləri banklar və bələdiyyələrlə müştərək iş aparır. Bu da alıcılarda güvən yaradır. Banklardan 10 min manat kredit götürmək üçün  azı 15 min manatlıq girov tələb edirlər.  Amma tikinti sahəsində kifayət qədər böyük məbləğlərin qarşılığında 2-3 səhifəlik, şirkətin maraqlarını müdafiə edən şərtlər əsasında hazırlanmış, müqavilə təqdim edilir. Buna görə də hazırda yüzlərlə vətəndaş aldadılaraq evsiz qalıb. Onlar məhkəməyə müraciət edir və bu yük sonradan dövlətin üzərinə düşür. Beləliklə, hansısa şirkətin saxtakarlığından həm vətəndaşlar, həm də dövlət ziyan çəkir”.

Bəs mövcud vəziyyətdən çıxış yolu nədir? Bundan sonra vətəndaşlara bu qəbildən olan zərərin dəyməməsi üçün əmlak bazarında hansı dəyişikliklər edilməlidir? E.Fərzəliyev qeyd etdi ki, əgər yeni tikililərə, xarici ölkələrdəki kimi, nəzarət mexanizmi tətbiq olunarsa, ödənişlər  bank vasitəsilə həyata keçirilər,  tərəflərin razılığı ilə  sığorta sistemi tətbiq olunar,  bütün sənədləşmələr notarial qaydada aparılar, vaxtında binanın kommunikasiya xətləri quraşdırılar və təhvil zamanı bina çıxarışla təmin olunar.

Sadaladıqlarımızın sistemli həyata keçirilməsi sektorda böyük irəliləyişə təminat verər. Çünki tikinti bazarı iqtisadiyyatda bir neçə sahənin inkişafını tənzimləyir. Bina tikilərkən tikinti materialları, fəhlə və usta briqadalarının işlə təmini, mənzillər hazır olarkən binaların mebellə təchizatı və sair. Təəssüf ki, hazırda bu sektor üzrə ölkədəki çatışmazlıqlar və etibarsızlıq vətəndaşları xarici ölkələrdə əmlak bazarına yatırım qoymağa sövq edir.

Tikilməkdə olan mənzillərin sığortalanması məsələsinə toxunan ekspert dedi ki, bu problem öz həllini taparsa, sığorta şirkətləri üçün də böyük irəliləyiş, saysız qazanc və dövlətin büdcəsinə külli miqdarda vergilər ödənmiş olar. Mənzil üçün ödəniləcək pulların bank vasitəsilə ödənilməsi və müqavilə dəyişmə prosesinin notarial qaydada aparılması korrupsiyanın və dələduzluğun qarşısını alacaq. Belə bir halda notarial qaydada satış üçün müqaviləsi dəyişilən mənzillərin vergidən yayınması isə mümkün olmayacaq.

ƏSLİ ƏHMƏDOVA