Yeni yaranan peşələr üzrə kadr çətinliyi


Baxıldı : 47

Tarix : 2017-10-14 03:38:47


Son onilliklərdə istehsal toplumundan məlumat toplumuna keçid, yəni istehsalatda, elmdə texnologiyanın inkişafı yeni peşələrin ortaya çıxmasına səbəb olur. Yeni peşələr isə, təbii ki, yeni kadrlar hazırlanmasını tələb edir. Azərbaycanda bu baxımdan vəziyyət necədir?

Ekspertlər bildirir ki, yerli əmək bazarında yeni yaranan peşələr üçün lazım olan kadrlar çətinliklə tapılır. Sahibkarlar məcbur olub qonşu, bəzən də hətta uzaq ölkələrdən peşəkarlar dəvət edirlər.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, indiyədək Azərbaycanda peşə təhsilinə diqqət yetərli səviyyədə olmayıb: "Bu, bizim təhsildə olan ciddi problemlərdən biridir. Nəzərə alaq ki, hazırda 100-dən artıq peşə təhsili məktəbi fəaliyyət göstərir. Ancaq onlardan çox az qismi ciddi kadr hazırlığı ilə məşğul ola bilir. Hesab edirəm ki, peşə təhsilinə dövlət planı ləğv olunmalı, onlar müəssisələrin sifarişi əsasında kadr hazırlamalı, maddi-texniki bazaları genişlənməlidir. Bundan başqa, ən əsası özəl peşə məktəbləri arasında rəqabət mühitini daha da gücləndirmək lazımdır".

Ekspert eyni zamanda bazarın ehtiyaclarının öyrənilməsinin zəruriliyini də vurğuladı.

Təhsil üzrə ekspert Əjdər Ağayev bildirdi ki, hər bir təhsil ocağında "peşə yönümü" deyilən anlayış var. Hələ ibtidai siniflərdən başlayaraq uşaqlara mövcud və yeni peşələri, onların cəmiyyət üçün əhəmiyyətini izah etmək lazımdır.

"Bakı Mühəndislik Universitetində yeni peşələr üzrə fakültələr açılıb. Onlardan birinə 1 nəfər, digərinə isə 3 nəfər qəbul olunub. Sual yaranır, niyə? Çünki gənclər həmin peşələrin nədən ibarət olduğundan xəbərsizdirlər. Buna görə də hər bir ümumtəhsil müəssisəsi müasir və ənənəvi peşələr haqqında məlumat verməlidir"-, deyə Ə. Ağayev bildirdi.

Ekspert təəssüflə qeyd etdi ki, hazırda məktəblər bu məsələyə yetərincə əhəmiyyət vermir.

 Bu gün ölkəmizdə İKT, rəqəmsal marketinq, qrafik və veb dizayn, proqramlaşdırma, sistem administratorluğu, 3D Modelləşdirmə və Vizualizasiya üzrə mütəxəssislərə ehtiyac artmaqdadır. Gənclər  bu sahələrə yiyələnmək  üçün əsasən özəl tədris mərkəzlərinə üz tuturlar. Lakin onu da qeyd etmək lazımdır ki,  həmin kursların qiyməti kifayət qədər yüksəkdir və hamı üçün əlçatan deyil.

Onlardan biri Yüksək Texnologiyalar Parkında 2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Burada məqsəd, sadəcə, texniki mütəxəssis hazırlamaq deyil,  texnologiyaları düzgün istifadə edib şirkətləri idarə edə bilən məzunlar yetişdirməkdir.

Günel QULİYEVA