Yeni özəlləşdirmə mərhələsinə start verildi


Baxıldı : 182

Tarix : 2016-07-15 10:04:00


Azərbaycanda yeni özəlləşdirmə prosesinə start verilib. İlkin mərhələdə metallurgiya kompleksinin özəlləşdirilməsi həyata keçiriləcək. Azərbaycan Polad İstehsalı Kompleksinə aid \ Daşkəsən Filizsaflaşdırma\ Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilib və Əmlak Məsələləri Dövlət Komitəsinə xarici investorların cəlb olunması üçün tədbirlər görmək tapşırılıb. Sonrakı mərhələdə metallurgiya sənayesinin digər obyektlərinin də xarici investorlara verilməsi nəzərdə tutulur. Bundan başqa, ağır sənaye və digər strateji müəssisələrin özəlləşdirilməsi \ üçüncü özəlləşdirmə proqramı\ nın əsas hədəfləri hesab olunur. Əmlak Məsələləri Dövlət Komitəsindən bildirildiyinə görə, hazırda ölkədə özəlləşdirmə prosesinin sürətlənməsi və yeni özəlləşdirmə proqramının həyata keçirilməsi ilə bağlı tədbirlər davam etdirilməkdədir. Özəlləşdirmə geniş fazanı əhatə edəcək və bu prosesə yüksək nüfuza malik olan beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməkdədir. Komitə tərəfindən hazırlanmış \ Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin III Dövlət Proqramı\ na əsasən, qabaqcıl dünya standartlarına uyğun özəlləşdirmə prosesi həyata keçiriləcək. Yeni Özəlləşdirmə Proqramında əsas məqsəd iqtisadi aktivliyin artırılması, büdcə yükünün azaldılması və bu prosesdə şəffaflığın daha da artırılmasıdır. Bununla dövlət büdcəsinə daxilolmalar artacaq, bu gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldiləcək. Ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, regionların iqtisadi potensialının və ölkədə biznes mühitinin gücləndirilməsi məsələləri də Layihədə əsas meyyar kimi müəyyənləşdirilib. Özəlləşmiş müəssisələrdə rəqabətə davamlı və ixrac qabiliyyətli məhsulların istehsalı genişlənəcək, yeni iş yerlərinin açılması və ixtisaslı kadrların cəlb edilməsi diqqət mərkəzində olacaq.ELBRUS