Yenidən etimad göstərildi


Baxıldı : 57

Tarix : 2017-09-08 18:30:34


“Azərikimya" İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsinin II hesabat-seçki konfransı keçirilmişdir. Komitənin sədri Vaqif Ömərovun 2012-2017-ci illəri əhatə edən hesabat məruzəsi dinlənilmişdir. Məruzədə ötən dövr ərzində komitənin fəaliyyəti, işçilərin əmək və məişət şəraitinin yaxşılaşdırılması, sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər və görülən işlər haqqında ətraflı məlumat verilmişdir.

Hesabat məruzə ətrafında Etilen-Polietilen Zavodu Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Nizami Çələbizadə, təmir-tikinti idarəsi həmkarlar ittifaqı komitəsinin sədri Sabir Hüseynov çıxış edərək çalışdıqları müəssisələrdə işçilərə olunan yardım və dəstəkdən, onların asudə vaxtlarının, yay istirahətinin təşkilindən və mövcud problemlərdən danışmışlar.

"Azərikimya" İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev çıxış edərək kimya sənayesinin inkişafına, həmkarlar ittifaqının fəaliyyətinə dövlət dəstəyindən söz açdılar, yeni seçiləcək komitəyə uğurlar arzuladılar.

Sonra Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının V qurultayına nüma-yəndələr seçildi.

Sonda təşkilati məsələyə baxıldı. Vaqif Ömərovun yenidən  "Azərikimya" İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə namizədliyi təklif olundu və yekdilliklə dəstəkləndi.

 Bəyalı RZAYEV