Yenidənqurma planı narahatlıq doğurur


Baxıldı : 64

Tarix : 2018-02-03 22:29:54


ABŞ-ın transmilli şəxsi gigiyena məhsulları istehsal edən “Kimberly Clark” şirkəti yenidənqurma planı çərçivəsində 91 fabrikdən 10-nun bağlanacağını açıqlayıb. Əgər bu baş verərsə, beş minə yaxın işçini itirə bilər.

Şirkətin çalışanlarının üzv olduğu həmkarlar təşkilatları rəhbərliklə danışıqlardan  nəticə çıxmayınca beynəlxalq həmkarlar ittifaqlarına müraciət ediblər. UNİ Qlobal İttifaqı və İndustriALL Qlobal İttifaqı “Kimberly Clark”ın yenidənqurma siyasətindən imtina etməyə çağırıb.

“Huggies” uşaq bezləri, “Kleenex” salfetləri və şirkətin digər məhsulları dünya əhalisinin 25 faizi tərəfindən mütəmadi istifadə olunur. Lakin son zamanlar rəqib firmaların qiymət siyasəti, tükəticilərin daha çox online alışveriş zamanı digər markalara yönəlməsi qurumun illik gəlirini aşağı salıb. Bununla belə, 2017-ci ildə “Kimberly Clark”ın mənfəəti 3,3 milyard ABŞ dolları olub.

“Kimberly Clark”ın CEO-su Tomas J.Falk bildirib ki, 2021-ci ilə qədər tamamlanacaq olan yenidənqurma siyasəti yarım milyard ABŞ dollarına qənaət edilməsini hədəfləyir. Bununla bəzi fabriklər üçün yeni investisiya planlaşdırılır.

Şirkətin yenidənqurma siyasətinin məqsədlərindən biri də texnoloji avadanlıqlardan istifadənin genişləndirilməsidir. Bu isə hazırkı quruma məxsus fabriklərdə çalışanlar üçün yaxşı xəbər deyil.

 Cavid SƏFƏROV