Yenidənqurma üçün dəstək verildi


Baxıldı : 82

Tarix : 2017-04-29 00:25:45


Banqladeşdə 4 il öncə "Rana Plaza" binasının çökməsi nəticəsində tekstil sektorunda çalışan yüzlərlə işçi həyatını itirdi və bu hadisə ölkədə iş yerində təhlükəsiz mühitin yaradılmasında problemlər olduğunu göstərdi. Keçən müddət ərzində bir sıra həmkarlar ittifaqı təşkilatları və beynəlxalq qurumların başlatdığı kampaniya ilə bu yöndə müəyyən irəliləyişlər əldə etmək mümkün oldu. Kanada və Çexiya kimi ölkələrə mal ixrac edən "Tovel Tex" fabrikində hökumətin dəstəyi ilə 2015-ci ilin martında BƏT tərəfindən geniştərkibli yoxlamalar başladıldı. Bu günlərdə  təftiş zamanı qeyd olunan çatışmazlıqların həlli ilə bağlı videorolik hazırlanıb. Fabrikin direktoru Ənvər Hüseyn  deyib ki, ilkin yoxlama zamanı çatışmazlıqlar bizə bildirildi və beynəlxalq normalarda yenidənqurma üçün dəstək verildi: "Bu müddət ərzində  tikiş aparatları arasındakı koridor genişləndirildi.  Fabrikin bir çox yerində, təxliyə planı ilə bağlı məlumat yerləşdirildi, yanğın təhlükəsizliyi ilə əlaqədar müasir avadanlıqlar quraşdırıldı, parçaların boyandığı yerlə qazanxana arasında divar inşa edildi, tikiş cihazları yeniləndi".

Qeyd edək ki, "Tovel Tex"  BƏT tərəfindən "İş Şəraitinin Yaxşılaşdırılması" proqramı çərçivəsində dəstəklənən 1549 tekstil fabrikindən biridir. Kanada, Hollandiya və İngiltərə tərəfindən maliyyələşdirilən proqram işçi potensialının gücləndirilməsinə və sektorda əməyin təhlükəsizliyinin genişləndirilməsinə yardım edir.

Cavid Səfərov