Yenilik bankların müştərilərini azalda bilər


Baxıldı : 219

Tarix : 2017-01-18 22:31:22


Vergilər Nazirliyinin mətbuat xidmətindən "Ülfət" qəzetinə verilən məlumatda deyilir ki, ölkəmizdə "Elektron ticarət haqqında" qanuna və Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, elektron qaydada aparılan ticarət, iş və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyalar, digər yarış və müsabiqələrin keçirilməsi əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək. Vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən yerli bank, xarici bankın ölkəmizdəki filialları və ya poçt rabitəsinin milli operatoru tərəfindən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və alıcının hesabından tutularaq büdcəyə ödənilməlidir.

Qanuna  bu dəyişikliyin  tətbiqi hansı nəticələri doğuracaq və bank sektoruna necə təsir göstərəcək?

Elektron Ticarət İctimai Birliyinin İdarə Heyətinin üzvü Nicat Manafov deyib ki, 18 faiz ƏDV xarici elektron ticarət zamanı alınan xidmətlərə aiddir. Bu xidmətlərdə aviabiletlər və otel rezervasiyaları istisnadır. Bura bulud xidmətləri, "Google"dan aldığımız xidmətlər, "Google Play"dən yüklədiyimiz oyunlar, "Uber"də edəcəyimiz ödənişlər, "Facebook" və "Google"da istifadə etdiyimiz reklam büdcələri, musiqi, film yükləmək kimi xidmətlər daxildir. Bu, təəssüf ki, ölkədə sürətlə inkişaf edən sosial media və rəqəmsal marketinqə ciddi əngəl olacaq. Son nəticədə ölkə vətəndaşları Gürcüstan və Türkiyə banklarının kartları vasitəsilə elektron ticarət əməliyyatları aparacaqlar.

Vergi məsələləri üzrə ekspert Rəşad Əliyev hesab edir ki, elektron ticarət ilə əsasən xaricdən mallar sifariş olunurdu. Bu qanun isə ancaq iş və xidmətlərin alınmasına tətbiq olunur, onun payı isə ümumi dövriyyədə çox azdır.

Ekspert vurğuladı ki, vergi hesablamaları avtomatlaşdırılmış sistem şəklində  olmalıdır,  amma bank sistemlərinin texniki imkanları hələ ki buna hazır deyildir. Buna görə də, Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi kommersiya banklarının elektron ticarətdə ƏDV-nin tutulmaması ilə bağlı razılığa gəlib. Yeni razılaşmaya əsasən, banklar 1 ay ərzində elektron ticarət əməliyyatlarına qarşı ƏDV tətbiq etməyəcək.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov hesab edir ki, bu çox tez atılan addım idi, "birmənalı olaraq internet alış-verişinə ƏDV-nin tətbiqi, bu sahəni çökdürməsə də, ən azı alış-verişlərin həcmi kəskin dərəcədə enəcək. Elekton ticarətə ƏDV tətbiq edilməsinin əsas mənfi cəhəti odur ki, insanlar xaricdən ucuz və keyfiyyətli mal ala bilirdi. İndi isə vətəndaşlarımızın belə alışlara meyilləri azalacaq. Nəhayət, bu yenilik banklara zərbə vurdu. Hazırda nə əhali, nə də sahibkarlar banklarda çox pul saxlamır".

Günel QULİYEVA