Yerli mütəxəssislərə üstünlük verilir


Baxıldı : 193

Tarix : 2016-04-01 04:52:00


Bir sıra iri şirkətlər artıq xarici işçilərdən imtina edir. Buna səbəb kimi son zamanlar baş verən iqtisadi böhran göstərilir. Məşhur tikinti şirkətlərinin birindən aldığımız məlumata görə, qurumda çalışan xarici ölkə vətəndaşları işdən azad olunur, onların yerinə yerli mütəxəssislər təyin edilir. Bunun şirkətin öz xərclərini azaltmaq məqsədilə edildiyi deyilir. Çünki yerli şirkətlərin birində konsaltinq xidməti göstərən xarici mütəxəssisin aylıq məvacibi kifayət qədər yüksək məbləğdir. Amma həmin vəzifəyə təyin olunan yerli mütəxəssislərə onlarla müqayisədə aşağı məvacib təyin edilir. Analoji addım artıq bir çox şirkətlər tərəfindən atılmağa başlayıb. Şirkətlərin əcnəbi işçilərdən imtinasının iki əsas müsbət cəhəti qeyd olunur: yerli ixtisaslı kadrların yüksək vəzifələrdə çalışması və şirkətlərin qənaət rejiminə keçməsi.Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov mövzu ilə bağlı açıqlamasında bildirdi ki, şirkətlər xaricdən dəvət etdikləri işçilərə daha çox maaş verməli olurlar: \ Həmçinin əcnəbi işçilərin illik viza, sosial, sığorta və digər xərcləri şirkətin üzərinə düşür. Bu, hazırkı vəziyyətdə şirkətlər üçün əlavə xərcdir. Yerli işçilər üçün isə belə tələblər qoyulmadığından, bu, şirkətlərə sərf edir. Tək Azərbaycanda deyil, bütün dünyada belə tendensiya yaşanır. Neft və digər transmilli şirkətlərdə daha çox xərc tələb edən işçilər vəzifələrindən azad olunurlar. Onların yerinə daha az maaş tələb edən işçilər təyin edilir. Şirkətlər xərcləri azaltmaq üçün belə addımlar atmağa məcbur olurlar\ .Liqa sədri həmçinin xarici kadrların yerlilərlə əvəz olunmasını Azərbaycanda ixtisaslı mütəxəssislərin yetişdirilməsi ilə əlaqələndirdi. Onun sözlərinə görə, əvvəllər ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlər daha çox əcnəbilərə müraciət edirdilər: \ 15-20 ilə yaxındır ki, xarici şirkətlər Azərbaycanda layihələr həyata keçirir və şirkətlər qururlar. Təbii ki, orada həm Azərbaycan, həm də əcnəbi vətəndaşlar müştərək formada işləyirlər. Yerli işçilər əcnəbilərin təcrübəsindən istifadə etməklə ixtisaslarını artırırlar. Azərbaycanlı mütəxəssislərin yetişməsi isə xarici və yerli şirkətləri kadr islahatları keçirməyə sövq edir\ . Qeyd edək ki, bir neçə il əvvələ kimi Azərbaycanda xarici ölkə vətəndaşlarını işə götürmək \ dəb\ halını almışdı. Bəzi hallarda yerli mütəxəssis xaricidən daha savadlı olsa da, şirkətlər özlərinə imic qazanmaq üçün əcnəbi vətəndaşı işə qəbul etməyə daha çox maraq göstərirdi. Əcnəbilər Azərbaycanda yüksək vəzifələrdə işlədiyi halda, yerli vətəndaşlar xaricə iş axtarmağa gedirdilər. Lakin hazırda iqtisadi vəziyyətin gərginləşməsi və yerli ixtisaslı kadrların yetişdirilməsi Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətləri əcnəbi mütəxəssislərdən imtinaya məcbur edir. Cavid SƏFƏROV