Yol boyu uzanan tıxaclar


Baxıldı : 278

Tarix : 2015-10-09 02:59:00


Son zamanlar paytaxtın giriş hissəsində günün müəyyən vaxtlarında uzanan tıxacları, yəqin ki, çoxunuz müşahidə etmisiniz. Səbəb isə Bakı şəhərinə rayon qeydiyyatında olan avtomobillərin daxil olmaması üçün yoxlanışın aparılmasıdır. Avtomobillərin bir-bir yoxlanılması uzun-uzadı tıxaclara səbəb olur ki, bu da insanlarda müəyyən psixi gərginlik yaradır. Həm də nəzərə alaq ki, bu olay hər gün səhər və axşam saatlarında təkrar-təkrar yaşanır. Deməli, bir çoxları dəfələrlə belə hadisəni istər-istəməz izləməli olub. Həmçinin paytaxtdan kənarda müxtəlif istehsalat və ticarət sahələrində işləyən insanlar onlar üçün ayrılmış xüsusi minik vasitələri ilə evə getdikləri zaman bu tıxaclarda iki-üç saat gözləyərək vaxt itkisinə məruz qalırlar. Rayon qeydiyyatında olan yük və minik avtomobilləri, eyni zamanda avtobus və mikroavtobusların Bakıya daxil olmasına qoyulan qadağanın tətbiqi tarixindən bir aya yaxın vaxt keçir. Mətbuatda bu barədə mütəmadi məlumat verilsə də, hər gün 1 000-dən artıq rayon qeydiyyatı olan avtomobil ya geri qaytarılır, ya da müvəqqəti dayanacaqda yerləşdirilir. Bütün bunlar isə yuxarıda sadaladığımız halların yaşanmasına səbəb olur. Bakı-Quba yolunun 20-ci kilometrliyində xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol patrul xidməti əməkdaşlarının verdiyi məlumata görə, gün ərzində buradan 5 000 avtomobil keçir ki, bunun da minə yaxını rayon qeydiyyatında olan avtomobillərdir. Hər gün müxtəlif hadisələrlə qarşılaşırıq. Sənəd tələb edəndə şikayətlənənlər də olur, başa düşənlər də. BDYPİ-nin məlumatına görə, əvvəlki günlərlə müqayisədə rayon qeydiyyatında olan nəqliyyat vasitələri ilə paytaxta gələnlərin sayında azalma müşahidə olunur. Artıq bir çox sürücülərə məlumdur ki, rayon qeydiyyatında olan avtomobillərin paytaxt ərazisinə girişinə səhər saat 07.00-dan 21:00-a qədər məhdudiyyət qoyulub. Buna görə də paytaxtın hər iki girişində qeyd olunan vaxt ərzində xidmət aparılır. Rayon maşınlarının saxlanılması üçün nəzərdə tutulan duracaqda sürücülərin öz maşınlarını təhlükəsiz və ödənişsiz saxlamaları üçün şərait yaradılıb.BDYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu müddət ərzində paytaxtda nəqliyyat sıxlığı xeyli azalıb. Bu həm paytaxt sakinlərinin, həm də regionlardan Bakıya gələn insanların şəhərdə rahat, sərbəst hərəkət etməsinə səbəb olub. O cümlədən paytaxtda ekoloji vəziyyətin normallaşdırılmasına çox müsbət təsir göstərib. Təbii ki, belə yaradılmış vəziyyətdən narazı qalan insanlar da var. Çünki onlar öz avtomobilləri ilə paytaxta giriş-çıxış edə bilmirlər. Məhdudiyyətin qoyulması həmin insanlarda müəyyən qədər narazılığa səbəb olub. Amma insan özü ictimai nəqliyyatdan istifadəyə öyrəşəndən sonra, mənə elə gəlir ki, onların da problemi olmayacaq. Paytaxta ətraf regionlardan, yaxın şəhərlərdən gələn insanlar da fərqi, yəqin ki, yaxın zamanlarda hiss edəcəklər. K.Əliyev avtomobillərin və onların sahiblərinin qeydiyyat məsələsinə də aydınlıq gətirib. O, qeyd edib ki, Mərkəzi İnformasiya Sistemində hər bir nəqliyyat vasitəsinin hansı ərazidə qeydiyyatda olması barədə, eləcə də həmin avtomobilin idarə edilməsi üçün hansı şəxsə etibarnamə verilməsi haqqında məlumatlar bizdə mövcuddur. Ona görə də istənilən avtomobili idarə edən şəxsin hara qeydiyyatında olması və yaxud nəqliyyat vasitəsinin hansı ərazidə qeydiyyatda olmasını müəyyənləşdirmək çox asandır. Məsələ burasındadır ki, Azərbaycanda \ Olduğu və yaşayış yeri üzrə qeydiyyat haqqında\ qanuna əsasən, şəxs yaşadığı yerə gəldikdə həmin ərazidə mütləq pasport qeydiyyatına alınmalıdır. Çox əfsuslar olsun ki, bu gün bizdə əksər insanlar qeydiyyatsız yaşayırlar. Onların daimi qeydiyyatda olduqları yerlə, ümumiyyətlə, əlaqələri olmadığından adi yol hərəkəti qayda pozuntusuna görə belə həmin şəxsləri tapmaq bir az çətin olur. Yəni onların qayda pozuntusu üzrə bütün müvafiq sənədlər qeydiyyat üzrə olduqları ünvana göndərilir. Amma ünvanlarında heç kim olmur. Bu yolla həmin şəxslər məsuliyyətdən yayınmağa çalışırlar. Eləcə də onların digər məsələlərlə bağlı tapılmasında da müəyyən əngəllər yaranır. O baxımdan həmin şəxslər vaxtında yaşadıqları yer üzrə qeydə dursalar, elə bir problem olmaz.Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Rəfael Cəbrayılov deyib ki, Bakı qeydiyyatında olmayan avtomobillərin paytaxta buraxılmaması ilə bağlı qərarın icrası qüsurlu həyata keçirilir: \ Rayon qeydiyyatlı avtomobillər müxtəlif yollardan istifadə edərək Bakıya maneəsiz daxil ola bilir. Bu zaman onlar mərkəzi, şose yolundan deyil, yanaşı yollardan istifadə edirlər. Avtomobillər dairəvi yoldan Bakının kəndlərinə, oradan da şəhərin mərkəzi hissələrinə daxil olurlar. Əgər avtomobil Bakı qeydiyyatında deyilsə, həmin nəqliyyat vasitəsi paytaxta buraxılmamalıdır\ .İnsanlar qanunu sistematik pozduqları halda qanun işləmir. Bu halda qanun sərtləşdirilməlidir. Bakı şəhərinin giriş və çıxışlarında duracaqların qurulması effekt vermir\ .Qeyd edək ki, Bakı şəhərində yaşayan, lakin avtomobili rayon qeydiyyatında olanlar da paytaxta buraxılmayacaq və ya paytaxt ərazisində hərəkəti məhdudlaşdırılacaq. Mütləq lazımdır ki, avtomobilə yeni nömrə alınsın. Həmçinin mətbuatda belə bir məlumat da yayılıb ki, paytaxtdan kənarda yaşayan, lakin Bakıda işləyən bir neçə nəfər tıxaclar səbəbindən müntəzəm olaraq işə gecikdikləri üçün işdən azad olunublar. A.MUSTAFAYEV