Yüksək sürət olan yollar texnikanın köməyi ilə təmizlənməlidir


Baxıldı : 50

Tarix : 2018-04-07 00:16:17


Martın 27-də Bakının Sabunçu rayonu ərazisində küçəni təmizləyən qadını avtomobil vurdu və nəticədə qadın yerindəcə həyatını itirdi. Bu hadisə yüksək sürət müəyyən olunmuş yollarda təmizləmə işlərinin insan əməyi ilə deyil, texnika vasitəsilə həyata keçirilməli olduğunun vacibliyini ortaya çıxartdı.

 “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən  hər bir əraziyə ayrılmış maşın, mexanika və insan qüvvəsi var”. Bunu Agentliyin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli qəzetimizə verdiyi müsahibəsində bildirdi. Dedi ki,  təhlükəli yollarda xüsusi texnikalarımız var. Yolların süpürülməsi, o cümlədən yol kənarındakı dəmirlərin təmizlənməsi, yuyulması xüsusi texnikalar vasitəsilə həyata keçirilir: “Təəssüflər olsun ki, bədbəxt hadisələr baş verir. Heç kəs bu cür hadisələrdən sığortalanmayıb.

İşçilərin təhlükəsizliyi yola xidmət göstərən təşkilatın məsuliyyətidir. Dediyiniz mərhum Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçisidir. Bizim qurum təhlükəsizlik qaydalarına əməl edir.  Etiraf edim ki, bu da 100 faiz təhlükəsizliyin təmin olunması demək deyil. Sürücülərin sürət həddinə riayət etməsindən də çox şey asılıdır. Sizin sualınıza gəldikdə isə, onu deyə bilərəm ki, bizdə müasir texnikalar var və onlar səhər erkən saatlarda yollarda intensivlik artmadan işlərini görüb yekunlaşdırırlar. Amma bir məqam var ki, o texnikalar xüsusilə körpülərə daxil olub zibili yığışdırmaq qabiliyyətinə malik deyil. Çalışırıq ki, əməkdaşlar səhər erkən saatlarında təmizlik işlərinə başlasınlar. Çünki hərəkətdə intensivlik saat 7-dən sonra başlayır. Bu saata kimi işlər həyata keçirilir. Təsəvvür edin ki, hərəkət aktivliyi vaxtı  texnika iş görsə, həmin ərazidə  nə boyda tıxac yarana bilər.  Belə olan təqdirdə isə təbii ki, məcburiyyət qarşısında əl əməyindən istifadə olunur. Yəni bu, dünyanın hər yerində belədir. Sadəcə olaraq, həmin işçilərin təhlükəsizliyi qorunmalıdır. Bununla əlaqədar olaraq qabaqcadan iş aparılan ərazidə xüsusi nişan, yəni konuslar düzülməlidir ki, sürücülər qarşıda maneənin olması barədə məlumatlı olsunlar. Amma heç də bütün sürücülərimiz hamısı bu siqnal lövhələrinə əhəmiyyət vermirlər. Əfsuslar olsun ki, sürücülər və sərnişinlər yollara qida qalıqları, kağız, boş butulka və sair zibil atırlar. Təbii ki, onu xüsusi texnika yığışdıra bilmir, insan əməyindən istifadəyə zərurət yaranır”.

Yol məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, avtomagistralda piyadanın olması qadağandır. Çünki avtomagistrallarda sürət çox yüksəkdir. O cümlədən kommunal təsərrüfat işlərini görən  adamlar da yolda olmamalıdır.  Həmin yollar texnika ilə yığışdırılmalıdır: “Dünyanın hər yerində belə təcrübə var. Yüksək sürət olan yolları insan əməyi ilə yox, texnikanın köməyi ilə təmizləyirlər. Əgər körpülərin üzərində texnikanın yolu təmizləməsinə imkan yoxdursa, o zaman mövcud qanunvericiliyin tələblərinə əməl edilməlidir. Həmin ərazidə hərəkət məhdudlaşdırılmalıdır. Tutaq ki,  yol işıq dirəyinin lampası xarab olub və onu dəyişdirmək lazımdır.  Bu zaman 150 metr arxada xüsusi xəbərdarlıq nişanları qoyulmalıdır, dirəklərdən istifadə olunmalıdır. Ümumiyyətlə, yolda insan əməyindən istifadə zəruri olduğu halda, mütləq təhlükəsizlik qaydalarına əməl edilməlidir”. 

Qeyd edək ki, artıq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən bir sıra təmizlik işçilərinə xüsusi geyimlər paylanılıb.

Aliyə SƏMƏDOVA