Yunan-Roma güləşçiləri birinci, sərbəstlər ikinci olub


Baxıldı : 31

Tarix : 2017-12-01 21:15:05


İran İslam Respublikasının paytaxtı Tehran şəhərində kiçikyaşlı yeniyetmə güləşçilər arasında "Day of children" beynəlxalq turniri keçirilib. 

Komanda yarışı xarakterli turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçikyaşlı yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak edib.

Sərbəst güləş yarışlarında Azərbaycan güləşçiləri ilə yanaşı, İranın 4 komandası, Ukrayna, Rusiya, Gürcüstan, İraq, Belarus, Qırğızıstan və Ermənistan komandaları mübarizə aparıb. Dörd qrup üzrə keçirilən yarışda yığmamız İran və Ermənistan komandaları ilə qarşılaşıb. Hər  iki  görüşü qələbə ilə başa vuran güləşçilərimiz yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Ukrayna güləşçilərinə də qalib gələn yığmamız finala yüksəlib. Həlledici görüşdə daha bir İran komandası ilə qarşılaşan güləşçilərimiz ümumi hesabda 4:6 hemabı ilə məğlub olub və turniri ikinci sırada tamamlayıb.

Yunan-Roma güləşi yarışlarında isə Azərbaycan güləşçiləri ilə yanaşı, İranın 4 komandası, Ukrayna, İraq, Qazaxıstan, Moldova, Gürcüstan və Ermənistan komandaları mübarizə aparıb. Dörd qrup üzrə keçirilən yarışda yığmamız İran və Qazaxıstan komandaları ilə qarşılaşıb. Hər iki  görüşü qələbə ilə başa vuran güləşçilərimiz yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Moldova güləşçilərinə də qalib gələn yığmamız finala yüksəlib. Həlledici görüşdə Ukrayna komandası ilə qarşılaşan güləşçilərimiz ümumi hesabda 6:4 hesabı ilə qalib gəlib və turnirin baş mükafatına sahib olub.

Azər MUSTAFAYEV