Özəl səhiyyədə yüksək qiymət


Baxıldı : 372

Tarix : 2015-01-17 13:11:00


Azərbaycanda özəl səhiyyə sahəsində çoxsaylı problemlərin olduğu dəfələrlə vurğulanıb. İstər göstərilən tibbi xidmətin keyfiyyətindən, istərsə də qiymətlərdən dəfələrlə narazılıq edilib. Dövlət xəstəxanalarında əhalinin sosial vəziyyəti müəyyən mənada düşünülsə də, özəl klinikalarda buna əhəmiyyət verilmir. Özü də iş prinsipi elə qurulub ki, öncə pul ödənilir və veriləcək tibbi xidmətin keyfiyyəti ilə bağlı heç bir zəmanət verilmir. Nəticədə bu gün özəl xəstəxanalar əhaliyə sağlamlıq verməkdən daha çox, bəzilərinə milyonlar qazandırmaq üçün bir vasitəyə çevrilib. Paytaxtdakı özəl xəstəxanalarda təkcə tibbi xidmətin keyfiyyəti deyil, həm də qiymətlər sadə insanların imkanlarına uyğun gəlmir. Adi qan analizlərinə görə 10 manat, həkimlərin qəbuluna düşmük üçün isə ən azı 30 manat tələb olunur. Amma əksər özəl tibb müəssisələrində qiymətlər daha yüksəkdir. Kompyuter tomoqrafiyası 15-150 manat arasında dəyişir. EXO kardioqramma 40 manat, mədə-bağırsaq müayinəsi 50 manat, ultrasəs müayinələri 15 manatdan 100 manata qədər arasında dəyişir. Cərrahi müdaxilə vacib olduğu təqdirdə, bütün analizlər daxil olmaqla, pasientlər 1000-1500 manat pul ödəməli olur. Nəticədə paytaxtda hər il bir neçə özəl xəstəxana açılsa da, yenə də insanlar müalicə almaq üçün xaricə üz tutur. Belə olmasaydı hər il minlərlə insan daha keyfiyyətli və ucuz tibb xidməti üçün qonşu İrana getməzdi. Məsələyə münasibət bildirən tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə, qiymətlərin müəyyən olunmasına səbəb kimi əsasən istifadə olunan avadanlıqlar göstərilir: \ Amma hər bir özəl klinikanın əsasnaməsi olmalıdır. Orada konkret qeyd olunmalıdır ki, hansı xidmətləri göstərəcəklər. Qiymətlərin yüksək olması bəllidir. Aydın məsələdir ki, hansı özəl klinikada qiymət daha yüksəkdirsə, orada daha keyfiyyətli və düzgün diaqnoz qoyulur. O qiymətləri də klinika özü müəyyən edir. Qiymətlərin baha olması isə klinikadakı cihazın növündən, onların qiymətindən, klinikanın öz nüfuzundan, həmin chek-up müayinəsinə baxan mütəxəssisin təkmilləşməsindən asılıdır. Amma qiymətlərin müəyyən həddi aşmamasına nəzarət etmək olar. Problemin həlli üçün həm də ölkəmizdə səhiyyənin təşkili prosesi sürətlənməlidir. Ölkəmizdə kadr və peşəkarlıq problemi də mövcuddur. Həkimlərin düzgün paylanmamasını da yaddan çıxarmaq olmaz. Paytaxtda ixtisaslı kadrlar çox olsa da, regionlarda həkim çatışmazlığı var. Bunun həlli üçün son illər müəyyən tədbirlər həyata keçirilsə də, bunlar kifayət deyil\ .ELBRUS