“Zenit” İC-nin pəhləvanları Vətənə qızıl və bürünc medalla dönüblər


Baxıldı : 30

Tarix : 2019-11-08 06:17:13


Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında “Zenit” İdman Cəmiyyətinin yetirmələri  Turan Bayramov qızıl, Əfqan Xaşalov isə bürünc medal qazanıblar.

Sərbəst güləş üzrə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Əfqan ilk görüşündə kubalı idmançıya məğlub olub. Ancaq rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşə çıxmaq imkanı verib. Bu görüşdə çinli həmkarına qalib gələrək üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Bürünc medal uğrunda yarışda Rusiya güləşçisini də son saniyələrdə qazandığı xallarla udaraq  Əfqan Xaşalov adını mükafatçıların siyahısına yazdırıb.

Çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Turan Bayramov səkkizdəbir finalda kanadalı həmkarını məğlub edib. Sonrakı görüşdə moldovalı rəqibinə də qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Fransa təmsilçisi ilə qarşılaşan Turan ilk hissədə geri olsa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb. Finalda Yaponiya təmsilçisi Takuma Taniyamanı məğlub edən güləşçimiz dünya çempionatının qızıl medalına sahib olub.

Beləliklə, millimizin üzvləri, sərbəst güləşçilərimiz Turan Bayramov (65 kq.) qızıl, Abubakr Abakarov (79 kq.) və Hacımurad Məhəmmədsəidov (86 kq.) gümüş, Əfqan Xaşalovla (57 kq.) Davud İbrahimov (70 kq.) isə bürünc medal qazanıblar. Ümumilikdə komandamızın topladığı xal 111-ə bərabər olub. Bu nəticə ilə millimiz dünya üçüncüsü seçilib. Rusiya (145) birinci, İran (139) isə ikinci yeri tutub.

Azər MUSTAFAYEV