“Zenit” İC-nin yetirməsi Cəbrayıl Həsənov üçüncü dəfə Avropa çempionu adını qazanıb


Baxıldı : 68

Tarix : 2019-04-12 17:54:49


Sərbəst güləş üzrə yığmamızın kapitanı və “Zenit” İdman Cəmiyyətinin yetirməsi Cəbrayıl Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Yarışda 79 kq. çəki dərəcəsində mübarizə aparan güləşçimiz Gürcüstan, Almaniya və Belarusdan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda isə rəqib rusiyalı Ahmed Hacımaqomedov olub. Rusiyalı sərbəst güləşçiyə zədəsi üzündən həlledici görüşə çıxmasına icazə verilməyib. Və beləliklə, millimizin kapitanı final qarşılaşmasını keçirməyərək üçüncü dəfə qitə çempionu adına yiyələnib.

Xatırladaq ki, C.Həsənov 2010-cu və 2011-ci illərdə də Avropa çempionu olub.

Bununla da yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan sərbəst güləş üzrə yığmamız ümumilikdə 145 xal toplayaraq komanda hesabında Rusiya (162) və Türkiyədən (156) sonra 3-cü yeri tutub.