Zərərli vərdişlərə meyil edən gənclərin əksəriyyəti ailədaxili konflikt yaşayanlar arasında olur


Baxıldı : 53

Tarix : 2018-05-26 01:49:51


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən əldə etdiyimiz məlumata görə, ötən illər ərzində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı artıb. 1990-cı ildə əhalinin hər 1000 nəfərinə düşən boşanma əmsalı 2 olduğu halda, 1995-ci ildən bu əmsal 0,8 göstəricisinə enib. 2005 və 2007-ci illər istisna olmaqla, sonrakı illərdə əhalinin hər 1000 nəfərinə düşən boşanma əmsalı, demək olar ki, eyni həddə olub. Lakin 2010-cu ildən sonra bu, yenidən artıma doğru dəyişib. 2016-cı illə müqayisədə ölkədə nikahların sayı 5,8% azalıb, boşanmaların sayı isə əksinə-10,8% artıb.  Qeyd edək ki, 2016-cı ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66,8 min nikah və 13,1 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı 1,4 olduğu halda, 2017-ci ildə bu göstərici müvafiq olaraq 62923 nikah və 14514 boşanma halı kimi nəzər çarpıb. Hesabat dövründə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

Problemin aktuallığı dövlət qurumlarının da diqqətindən yayınmayıb. Mayın15-də Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirə olunub. Müzakirələrin gedişi zamanı deputatlar bir sıra aktual məsələlərə toxunublar. Xüsusilə də yeniyetmələrin intiharı, boşanma hallarının artması kimi məsələlərdən danışılıb. Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin sədri Aqiyə Naxçıvanlı boşanmalardan danışarkən qeyd edib ki, təhsil, hər məsələdə olduğu kimi, burada da önəm daşıyır: “Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki...” .

Komitə sədri ictimai qınağın olmamasının da boşanmalara səbəb olduğunu bildirib.

A.Naxçıvanlı uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün tədbir görülməsinin vacibliyini vurğulayıb: “Zorakılığın qurbanı olan uşaqları görəndə dəhşətə gəlirik. Bilmirsən, yeməkdəndir, içməkdəndir, yoxsa tərbiyədən? Belə vəhşiliklərin qarşısı alınmalıdır. Uşaq sığınacağına getmişdik, orada gördüklərimizdən bir həftə özümüzə gələ bilmədik. Beş yaşında uşağın zorakılığa məruz qalması dəhşətdir. Bunu edən insana həbs cəzası yetərmi? Əlbəttə ki, yox, elələrinə ölüm cəzası verilməlidir”.

“Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova natamam ailələrdə böyüyən uşaqların gələcəkdə hansı problemlərlə üzləşməsindən danışdı: “Belə hallarda yetkinlik yaşına çatana qədər uşaq ananın himayəsində qalır və çox zaman ailələr öz problemlərini uşaq üzərində həll etməyə başlayır, atanı uşaqla görüşdürməməklə cəzalandırırlar, bu da uşağın psixikasına təsir edir. Belə uşaqlar cəmiyyətdə özünü tapmaqda çətinlik çəkir, iki ev arasında qalırlar. Ailələrdəki boşanma daha çox 6 yaşa qədər olan uşaqlarda ciddi problemlər yaradır. Bəzən atalar da görüşə gəlmir, anaya olan incikliyi uşağa göstərir, bu hallarda uşaqlarda məktəb vaxtı sinfə uyğunlaşa bilməmək, özünə qapanmaq baş verir. Yeniyetməlik dövründə narkotiklərdən istifadə, tüfeyli həyata, zərərli vərdişlərə meyil edən gənclərin əksəriyyəti ailədaxili konflikt yaşayanlar arasında olur. Bəzən rəsmi boşanma olmasa da, ailələr bir yerdə yaşamır, bu ailədə uşaqlar da özünü cəzalandırmağa başlayır, ata və anasına gücü çatmadığı üçün problemi özünə yönəldir”.

Yaş artdıqca psixoloji problemlərin həllinin daha çətin olduğunu vurğulayan psixoloq daha sonra dedi: “Yaxşı olar ki, boşanma zamanı uşaqlar psixoloji dəstək alsın, prosesdən  sonra uşaqlar da  bir-iki il ərzində müşahidə olunmalıdırlar. 12 yaşdan sonrakı korreksiya çox əziyyətlidir, amma mümkünsüz deyil. Natamam ailələrdə uşaqlar gələcəkdə özləri də ailə qurmaqdan qaçırlar”.

Aliyə SƏMƏDOVA