Zorakılığa qarşı mübarizə aparaq


Baxıldı : 174

Tarix : 2017-11-18 00:53:12


Hər il 25 Noyabr - Qadınlara Qarşı Zorakılıq Əleyhinə Beynəlxalq Günü  bütün ölkələrdə qeyd olunur. Bununla əlaqədar silsilə tədbirlər keçirilir.

"Xidmət-İş" Hİ Federasiyasının Xətai, Binəqədi, Suraxanı, Yasamal rayon həmkarlar ittifaqı komitələrində, Sumqayıt ŞHİK-də "Qadınlar zorakılıqdan azad bir həyat yaşamaq hüququna malik olmalıdırlar" mövzusunda yekun tədbir keçirilib. Federasiyada keçirilən tədbirdə birinci vitse-prezident Sadət xanım Tahirova yığıncağı açaraq bu günün yaranması tarixindən danışaraq qeyd etdi ki, ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində xeyli işlər görülüb.

Son illər ölkəmizdə hər bir ailənin sosial rifahının yüksəldilməsi, qadınlar arasında yoxsulluğun aradan qaldırılması və məşğulluğun artırılması sahəsində görülən mühüm işlər, qəbul olunan dövlət proqramları, o cümlədən qadınlar arasında sahibkarlığın inkişafı təmin edilib. 2017-ci ilin iyun ayında Vyanada Gender Bərabərliyinin Nəzərdən Keçirilməsi üzrə II Konfrasda qeyd olunub ki, Azərbaycan qadınlarının statusunun yüksəldilməsi, xüsusilə onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm nəticələr əldə olunub. Həyata keçirilən tədbirlər nəticəsində qadınlar arasında yoxsulluğun səviyyəsi 49 % aşağı enib. Bu gün əmək fəaliyyəti ilə məşğul olan qadınların 69%-i özəl sektorda, 31%-i isə büdcə təşkilatlarında çalışır. 2016-cı ildə kiçik və orta sahibkarlıq sektorunda qadın sahibkarların payı 4%-28% yüksəlib. Bu ilin doqquz ayında 164 sahibkar qadına 5,4 mln. manat kredit verilib. Qadınlarımızın maarifləndirilməsi, işlə təmin olunması, sosial problemlərin həll olunması onları, uşaqları zorakılıqdan uzaqlaşdırır. "Məişət zorakılığı haqqında" qanunun qəbul olunmasından sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə məişət zorakılığına qarşı mübarizə sahəsində bir çox islahatlar həyata keçirilib. Gender və məişət zorakılığı nə sərhəd, nə də millət tanıyır. Buna qarşı müxtəlif  tədbirlər keçirilir. Federasiya ənənə olaraq il ərzində qadınlarla, uşaqlarla, ahıllarla bağlı dəyirmi masalar, maarifləndirici seminarlar, sosioloji sorğular keçirir.

Həmkarlar ittifaqı təşkilatlarında işçilərin 45%-ni qadınlar təşkil edir. İşləyən qadınlara sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, sosial məsələlərin həlli sahə (tarif) sazişlərində, kollektiv müqavilələrdə qəbul olunan öhdəliklərə əməl olunması Federasiyanın daimi nəzarətindədir. Görüşdə Mərkəzi Univermağın HİT sədri R.Əliyeva, Binəqədi RHİK-in sədri Z.Muradova, Sumqayıt ŞHİK-in sədri T.Sadıqov və başqaları çıxış ediblər. Sonda iştirakçılara sənədlər toplusu paylanıldı.

Əhəd İBADOV