Zorakılıq hərəkətləri narahatlıq doğurmaya bilməz


Baxıldı : 35

Tarix : 2019-11-25 05:24:46


“Azərbaycan cəmiyyətində xüsusilə son vaxtlarda qadınlara münasibətdə qeydə alınan zorakılıq hərəkətlərinin nisbətən artması, təbii ki, narahatlıq doğurmaya bilməz. Buna biganə yanaşmaq da qəbuledilməzdir. Biz belə hallara qarşı ciddi mübarizə aparmalıyıq”. Bu sözləri noyabrın 25-də “Qadın zorakılığına son deyək!” adı altında Lənkəranda keçirilmiş seminarda Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri, gender bərabərliyi və qadın problemləri üzrə komissiyanın sədri Elnarə Muradova dedi. Çıxışında həmçinin dedi ki, bu tədbiri təşkil etməkdə məqsədimiz ilk növbədə maarifləndirmədir. Həm də ittifaq sədr və fəallarını, onların vasitəsilə bütün üzvləri qadın hüquqları uğrunda fəallıq göstərməyə yönəltməkdir.

Biz zorakılıq deyəndə təkcə fiziki xəsarətləri deyil, qadınlarda, daha çox gənc xanımlarda pis vərdişlərə aludəçilik yaratmaq, onları qeyri-normal əməllərə cəlb etmək kimi kənar təsirləri də nəzərdə tuturuq. Xanımları qorumaq, onların cəmiyyətimizdə layiqli yerini tutmasına yardımçı olmaq hər birimizin borcudur.

Elnarə xanım çıxışında həmçinin bu əlamətdar günün yaranma səbəbləri, tarixi əhəmiyyəti barədə də məlumat verdi. Dövlətimizin, həmkarlar ittifaqının bu istiqamətdə apardığı işlərdən danışdı.

Tədbirdə “Cəmiyyətdə qadınların rolu”, “Zorakılığa yox deyək, ailəmizi qoruyaq”, “Qadın zorakılığının qarşısının alınmasında təhsilin rolu”, “İslamda qadına qarşı zorakılıq bəyənilmir”, “Qadın hüquqlarının qorunmasına dair Azərbaycan Respublikasının qanunları” mövzularında rayon şuralarının sədrlərinin çıxışları dinlənildi.

Ə. ƏHMƏDOVA