İpoteka bazarı genişlənməlidir
Əli Məsimli: "İpoteka sahəsində ciddi nəticələrə nail olmaq üçün sosial ipotekanın faiz dərəcələri aşağı salınmalıdır"
İpoteka kreditləşməsində fasilə yaranması sənədlərin hazırlanması ilə bağlıdır. Mərkəzi Bankdan verilən məlumata görə, hazırda bəzi müvəkkil bankların ipoteka kreditləşdirilməsini dayandırmasına səbəb vəsait çatışmazlığı ilə bağlı deyil. Yaxın vaxtlarda Mərkəzi Bankda ipoteka bazarının inkişafı istiqamətində geniş tədbirlər planının müzakirəsinə başlanacaq. Ediləcək dəyişikliklər tək ipotekanı deyil, bütün kreditləri əhatə edəcək. Banklar yığılan əmanətləri həzm edə bilmədiyindən gələn il əmanət faizləri və buna uyğun olaraq kredit faizləri aşağı düşəcək. İpoteka kreditləşməsi mexanizminin təkmilləşməsi məsələsinə münasibət bildirən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvi Əli Məsimlinin qənaətinə görə, Azərbaycanda həm kommersiya, həm də sosial ipotekanın fəaliyyət göstərməsi təqdirəlayiqdir: "Güzəştli ipoteka 4 faizlə, maksimum 35 min manat, adi ipoteka isə 8 faizlə 50 min manat həcmində verilir. Müddətlərdə müvafiq olaraq 25 il nəzərdə tutulub. Lakin bu, yetərli ola bilməz. İpoteka sahəsində ciddi nəticələrə nail olmaq üçün hər şeydən əvvəl sosial ipotekanın faiz dərəcələrinin aşağı salınması istiqamətində addımlar atılmalıdır. Çünki istər dövlət vəsaiti, istərsə də bankların öz vəsaitləri hesabına həyata keçirilən maliyyələşmə sosial ictimai proqram xarakteri daşıyır. Sosial layihə olduğuna görə də, faiz dərəcəsi simvolik xarakter daşımalıdır. Məsələn, Türkmənistanda belə kreditlər 1 faizə verilir. Sonra xeyli dərəcədə güzəştli şərtlər də tətbiq olunur. Yəni bizdə də hökumət çalışmalıdır ki, imkansız ailələr çətinliklərlə rastlaşmasın". İqtisadçı millət vəkili daşınmaz əmlak bazarında mövcud qiymətlərin də nəzərə alınmasını vacib sayır: "Tutaq ki, 2-3 otaqlı mənzilə sahib olmaq istəyən şəxs heç vaxt 50 min manata bu istəyini reallaşdıra bilməz. Çünki indiki şərtlərlə bu, tamamilə qeyri-mümkündür. Bu qiymətə ev almaq üçün əlavə 20 min manat da tapmalısan ki, çatışmayan fərq ödənilsin. Nəticədə ailə çox çıxılmaz vəziyyətə düşür. Hesab edirəm ki, kommersiya ipoteka üçün verilən vəsaitin həcmi 50 min manatdan 70-80 min manata qədər artırılmalıdır. Sosial ipoteka üçün isə maksimum həddi 35 min manatdan 50-55 min manata qədər olmalıdır. Bu artım sosial ipoteka alanların vəziyyətinə müsbət təsir göstərər". İqtisadçı millət vəkili sosial ipotekaya 2010-cu ilin dövlət büdcəsindən nəzərdə tutulan 14 milyon manat vəsaitin az olduğu qənaətindədir: "Nəzərə alsaq ki, 2010-cu ilin büdcəsində bir barel neftin qiyməti 45 dollar götürülüb, indi isə bu rəqəm 75-80 dollardır, çox güman ki, gələn il neftin qiyməti 45 dollardan artıq olacaq. Hər yüksək olan 1 dollar Azərbaycanın büdcəsinə xeyli əlavə vəsait daxil olmasına gətirib çıxaracaq. Bu vəsaitin 2010-cu ilin ortalarında yenidən bölünməsinə ehtiyac olacaq. Belə olan halda, İpoteka Fonduna 14 milyon yox, ondan qat-qat çox vəsait ayrılması təklifi səsləndiriləcək. Həm də mart ayında hökumətin hesabatı olacaq. Həmin hesabat zamanı da sosial ipotekaya da büdcədən ayrılan 14 milyon manatın artırılması istiqamətində konkret təkliflərimiz olacaq. Bu da güzəştli ipoteka alanların dairəsinin genişlənməsinə müsbət təsir göstərəcək".
|