Tikinti bazarında böhran gələn ilin əvvəlinədək davam edəcək
Nüsrət İbrahimov: "Maliyyə bazarında vəziyyət stabilləşsə, bu sahəyə yönəldilən vəsaitin miqdarı da arta bilər"
Son bir neçə ay müddətində respublikamızın tikinti sektorunda böhran davam edir. İstər yeni tikilən binaların sayında, istərsə də mənzillərin qiymətində azalma qeydə alınıb. Təkcə ötən ay paytaxtda tikilən yeni binaların sayı 463-dən 453-ə enib. Şəhər üzrə satış üçün təklif olunan mənzillərin orta qiyməti ay ərzində 3 faiz azalıb. Maraqlıdır ki, bu nə ilə bağlıdır və nə vaxtadək davam edəcək?
Məsələyə münasibət bildirən "MBA Group Konsaltinq" şirkətinin rəhbəri Nüsrət İbrahimovun tikinti sektorunda böhranın gələn ilin ortalarınadək davam edəcəyini bildirib: "Paytaxtın mənzil bazarında real tələb təklifə nisbətən hər ay aşağı düşür. Buna görə də həm mənzillərin satışı azalır, həm də qiymətlər ucuzlaşır. Bununla yanaşı, yeni tikilən binaların sayı da azalır. İş adamları əllərində olan məhsulu realizə etməlidirlər ki, bizneslərini davam etdirsinlər. Əgər satış zəifləyirsə, onlar qiymətlərdə güzəştə gedirlər. Son nəticədə isə bu hallar bazarda aktivliyin aşağı düşməsinə səbəb olur. Hesab edirəm ki, 2010-cu ilin ortalarınadək bu proses davam edəcək". N.İbrahimov ötən il bir neçə tikinti şirkəti tərəfindən vətəndaşların aldadılması hallarının da yeni tikilən binalara marağın azalmasına təsirsiz ötüşmədiyni bildirdi: "2007-ci ildə paytaxtda hündürmərtəbəli binanın uçmasından sonra daşınmaz əmlak bazarında passivlik yarandı. Sonradan isə əhalinin bəzi tikinti şirkətləri tərəfindən aldadılması yeni tikililərə marağı daha da azaltdı. Bununla da əmlak bazarında tənəzzül başladı. Tikinti sektoruna yönəldilən pul kütləsinin azalması böhranı dərinləşdirdi". N.İbrahimov qarşıdakı aylarda da tikinti sektoruna əlavə vəsait yönəldilməsini istisna etdi: "İnvestorlar hələ ki, gözləmə mövqeyindədir. Onlar bazarda aktivliyin artmasını gözləyirlər. Əgər maliyyə bazarında vəziyyət stabilləşsə, bu sahəyə yönəldilən vəsaitin miqdarı da arta bilər".
|