Azərbaycan iqtisadiyyatına görə 65-ci yerdə olacaq
HSBC bankının hesabatına Gürcüstan, Ermənistan, Moldova, Qırğızıstan və Tacikistan daxil edilməyib
Azərbaycan 2050-ci ildə iqtisadiyyatının həcminə görə dünyada 65-ci ölkə olacaq. Bu barədə Böyük Britaniyanın HSBC bankının "2050-ci ildə dünyanın ən böyük 100 iqtisadiyyatı" adlı proqnozunda bildirilir. HSBC-nin proqnozuna əsasən, hesabatda 2010-2050-ci illərin göstəriciləri müqayisə edilir. Azərbaycanda Ümum Milli Məhsulun (ÜMM) həcmi 2010-cu ildəki 20 mlrd. dollardan 2050-ci ildə 168 mlrd. dollara, gəlirin adambaşına həcmi isə 2,3 min dollardan 14,5 min dollara çatacaq. 2050-ci ildə dünyanın ən böyük iqtisadiyyatları siyahısına indiki MDB-dən yalnız 7 ölkə düşə biləcək. Bu, Rusiya (15-ci yer), Ukrayna (40), Özbəkistan (50), Qazaxıstan (53), Azərbaycan (65), Belarus (75) və Türkmənistandır (86). Gürcüstan, Ermənistan, Moldova, Qırğızıstan və Tacikistan isə bu siyahıya düşməyib. Proqnozlara görə, 2050-ci ildə regionun iqtisadi cəhətdən ən böyük dövləti Rusiyanı geridə qoyan Türkiyə olacaq. Türkiyədə ÜMM-in həcmi indiki 385 mlrd. dollardan 2,149 trln. dollara qalxacaq. Rusiyada isə bu göstəricilər 412 mlrd. dollar və 1,878 trln. dollar təşkil edəcək. Regionun digər ölkəsi İran isə bu siyahıda 27-ci yerdədir. Dünyanın ən böyük iqtisadiyyatına malik olan 100 ölkənin siyahısına 2050-ci ildə ABŞ-ı geridə qoyan Çin başçılıq edəcək. Bu müddət ərzində Çində ÜMM 7,2 dəfə artaraq 25,3 trln. dollara çatacaq. ABŞ-da isə 2 qat artımdan sonra 22,270 trln. dollarlıq göstərici əldə olunacaq. Hindistan 8,2 trln. dollarla dünyanın 3-cüsü olacaq. Hesabatın ən sürpriz ölkələrindən biri Filippindir. Hesablamalara görə, Filippin iqtisadiyyatı sürətli artım nəticəsində dünyanın 16-cısı olmaqla İndoneziyanı geridə qoyacaq. Misir isə proqnozlara görə, 2050-ci ildə iqtisadiyyatın həcminə görə Səudiyyə Ərəbistanını qabaqlayacaq. Yaxın Şərqin ən böyük iqtisadiyyatına malik olan ölkəyə çevriləcək.
|