AZƏRBAYCAN VƏ ALMANİYA ARASINDA HÖKUMƏTLƏRARASI MƏSLƏHƏTLƏŞMƏLƏR BAŞLANILIB

İqtisadi İnkişaf Nazirliyində Azərbaycan və Almaniya arasında inkişaf naminə ikitərəfli əməkdaşlığa dair hökumətlərarası məsləhətləşmələr başlanılıb. Hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrinin iştirak etdiyi məsləhətləşmələrə Azərbaycan tərəfdən İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev, Almaniya tərəfdən isə Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Qafqaz, Orta Asiya və MDB ölkələri üzrə ərazi idarəsinin rəisi Yürgen Zoll rəhbərlik edir.
S.Vəliyev bildirib ki, 1997-ci ildən başlayaraq hər il mütəmadi olaraq Azərbaycan və Almaniya arasında hökumətlərarası məsləhətləşmələr keçirilir. Bu məsləhətləşmələr zamanı iki ölkə arasında əlaqələr və əməkdaşlıq perspektivləri, texniki və maliyyə əməkdaşlığı çərçivəsində icra olunan, eyni zamanda həyata keçirilməsi nəzərdə tutulan yeni layihələr müzakirə olunur. Ümumiyyətlə, Azərbaycan və Almaniya arasında əməkdaşlıq iki istiqamətdə - maliyyə və texniki sahələrdə aparılır. Hazırda Almaniyanın KfW Bankı və Almaniya Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) Azərbaycanda müxtəlif sahələri əhatə edən bir sıra layihələrə maliyyə və texniki yardım göstərir. Bu günə qədər Almaniya hökuməti tərəfindən KfW Bankı vasitəsilə Azərbaycanda infrastrukturun bərpası, maliyyə və bank sektorunun inkişafının dəstəklənməsi, özəl sektor, səhiyyə, ətraf mühitin mühafizəsi və s. sahələrdə həyata keçirilən layihələrin icrasına 144,58 milyon avro həcmində kredit, 23,8 milyon avro məbləğində isə qrant ayrılıb.
GTZ tərəfindən hazırda özəl sektorun inkişafının, aqrar siyasətin, məhkəmə və hüquq islahatlarının dəstəklənməsi, habelə regional inkişaf naminə əməkdaşlıq çərçivəsində səhiyyə, kənd təsərrüfatı, təhsil, bank sistemlərinin, eləcə də normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı layihələr həyata keçirilir. Bu günə kimi Azərbaycanda texniki əməkdaşlıq çərçivəsində layihələrin həyata keçirilməsi üçün Almaniya hökuməti tərəfindən 44 milyon avro həcmində vəsait ayrılıb.
Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Qafqaz, Orta Asiya və MDB ölkələri üzrə ərazi idarəsinin rəisi Y.Zoll ölkəsinin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, ötən müddət ərzində Azərbaycanda bir çox sahələrdə nəzərəçarpacaq dəyişikliklər baş verib: "Bu dəyişikliklər istər beynəlxalq əlaqələrin inkişafında, istərsə də Azərbaycanın Avropa Qonşuluq Siyasətinə qoşulmasında özünü büruzə verib".
Ölkəsinin regionda həyata keçirilən layihələri dəstəklədiyini qeyd edən Y.Zoll Almaniya hökumətinin təkcə "Vərəmə qarşı regional mübarizə" layihəsi çərçivəsində dərmanların alınması üçün Azərbaycana 1,6 milyon avro həcmində vəsait ayırdığını vurğulayıb. Almaniyalı qonaq iki ölkə arasında əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ölkəsinin hər cür köməklik göstərməyə hazır olduğunu da nəzərə çatdırıb. Nazirliyin məlumatına görə, 2 gün davam edən məsləhətləşmələrdə qeyri-neft sektorunun müxtəlif sahələrində, xüsusilə səhiyyə, kənd təsərrüfatı, infrastruktur, turizm, ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığın, eləcə də özəl sektorun inkişafına dəstəyin davam etdirilməsi və s. məsələlər də müzakirə olunub.



«AZƏRBAYCAN VƏ ALMANİYA ARASINDA HÖKUMƏTLƏRARASI MƏSLƏHƏTLƏŞMƏLƏR BAŞLANILIB»   -
«Ülfət Qazeti»   -