Statistika inkişafdan xəbər verir
Son illər ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə öz müsbət nəticəsini verməkdədir. Bu ilin 9 ayının yekunları bir daha göstərdi ki, Azərbaycan davamlı inkişaf yolundadır. Nizami Rayon İcra Hakimiyyətində 2009-cu ilin 9 ayının yekunları ilə əlaqədar keçirilən müşavirədə aydın oldu ki, ölkə üzrə əldə olunmuş uğurlardan Nizami rayonuna da xüsusi pay düşür.
Nizami Rayon Statistika Şöbəsinin rəisi Nəcəf İsmayılovun verdiyi məlumata görə, rayonda bir sıra yeni «TSL GROUP» MMC, «İsmayıloğlu-2009» MMC, «Oazis Center» MMC kimi müəssisələr fəaliyyətə başlamış, sakinlərin qarşılaşdığı sosial problemlərin həlli istiqamətində konkret işlər görülmüş, genişmiqyaslı abadlıq işləri aparılmışdır. 2009-cu ilin 9 ayı ərzində sənaye məhsulunun həcmi 195,6 milyon manat olmuşdur, bu da ötən il istehsal olunmuş məhsulun 93,8 faizini təşkil edir. İstehsal olunmuş sənaye məhsulunun 34,7 faizi qeyri-dövlət sektoruna aiddir. Sənayenin dövlət sektorunda 127,7 milyon manatlıq və ya ümumi istehsalın 65,3 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Belə ki, ötən ilin müvafiq dövrünə nisbətən ət və ət məhsulları istehsalı 2,3 dəfə çox, saflaşdırılmış günəbaxan yağı istehsalı 57,4 faiz çox, saflaşdırılmış qarğıdalı yağı istehsalı 5,9 faiz çox, araq istehsalı 39,9 faiz çox, sement istehsalı 17,5 faiz çox, elektrik enerjisi, qaz, buxar istehsalı və bölüşdürülməsi 7,2 faiz çox, əczaçılıq məhsullarının istehsalı 4,4 dəfə çox olmuşdur. Tikinti sahəsi üzrə podrat işlərinin həcmi 61,9 milyon manat olaraq, ötən ilin müvafiq dövrünə nisbətən 86,9 faiz təşkil etmişdir. Bu ilin yanvar-sentyabr aylarında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 63,9 milyon manat həcmində investisiya yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 59,1 faiz təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 57,9 milyon manatı və ya 90,6 faizi dövlət, 6,0 milyon manatı və ya 9,4 faizi qeyri-dövlət müəssisələrinə aiddir. İstifadə edilmiş investisiyanın 37,8 milyon manatı və ya 59,2 faizi istehsal təyinatlı obyektlərin tikintisinin davam etdirilməsinə sərf edilmişdir. Hesabat dövrü ərzində bütün maliyyə mənbələri hesabına 29,5 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, onların da 91,0 faizi istehsal təyinatlı obyektlər üzrədir. Ticarət sahəsində əvvəlki illərdə olduğu kimi, cari ilin 9 ayı ərzində əmtəə dövriyyəsi və pullu xidmət göstəriciləri xeyli yüksəlmişdir. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin real həcmi 5,7 faiz artaraq 520,7 milyon manat olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin 23,7 faizini məişət xidmətləri təşkil edir. Rabitə sahəsində 7,6 milyon manat dəyərində xidmət göstərilmişdir ki, bu da əvvəlki ilə nisbətən 98,9 faiz təşkil etmişdir. Nəqliyyat sahəsində 21,0 milyon manat dəyərində, əvvəlki ilə nisbətən 49,4 faiz çox xidmətlər göstərilmişdir. 9 ayda rayonda 999 yeni iş yerləri açılmışdır ki, ondan 58-i yeni açılmış müəssisə və təşkilatlara, 68-i mövcud müəssisə və təşkilatlara, 873-ü isə fiziki şəxslərə aiddir. Ümumilikdə 2003-2009-cu ilin 9 ayında rayonda 14765 yeni iş yeri açılmışdır ki, onun da 14668-i daimi iş yerləridir. Orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 13,0 faiz artaraq 283,7 manat təşkil etmişdir. Rasim SÜLEYMANOV.
|