MİNNƏTDARIQ
Hörmətli redaksiya! Qəzetinizin daimi oxucusu və abunəçisiyəm. 1954-cü il sentyabrın 14-də Cənubi Uralda yerləşən "Totskiy" hərbi poliqonunda aparılan atom bombasının sınağında iştirak etmiş və kifayət qədər şüalanmışam. Həmin vaxtlar belə sınaqlar tamamilə məxvi olduğundan, bu dövlət sirrini yaymamaq üçün dilimizdən iltizam almışdılar. Ona görə də müalicə olunduğum uzun illər ərzində səhhətimin bu vəziyyətə düşməsinin səbəbini həkimlərə açıqlaya bilmirdim. Səhhətimin pisləşməsi ilə əlaqədar olaraq hazırda işlədiyim akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həmkarlar ittifaqı komitəsinin sədri, həkim-cərrah Adilə xanım Rəhimovaya müraciət etdim. O tez bir zamanda "Günəşli" sanatoriyasına getməyimi məsləhət gördü. Buradakı abu-hava ilk gündən məni çox sevindirdi. Sanatoriyanın müalicə, yataq korpuslarında, yeməkxanasında hər cür şərait yaradılmışdır. Müalicədən sonra özümü gümrah hiss edirəm. Mənimlə eyni vaxtda dincəlib müalicə olunan Göyçaydan Sabir, İsmayıl, Bakıdan Musa, Füzulidən Taleh, Sumqayıtdan Vüqar və digərlərinin xahişini nəzərə alaraq qəzetiniz vasitəsilə sanatoriyanın baş həkimi Cabbar Ağayarova, onun müavini Əziz Həsənova, şöbə müdiri Mahmud Süleymanova, tibb bacıları Kəmalə, Əsmət, Səhər, Lalə, Şirinə, baş aşbaz Tofiqə, xörəkpaylayan Arifəyə və adları çəkilməyənlərə bizim minnətdarlığımızı və xoş arzularımızı çatdırasınız.
Əbdül ŞƏRİFZADƏ, hərbi və əmək veteranı, ehtiyatda olan polkovnik-leytenant.
|