PAYTAXTIN YENİ İNKİŞAF PLANI HAZIRLANIR

Dünya Bankı Bakının regional inkişaf planını hazırlamağa qərar verib. Dünya Bankının Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, hazırda əsas müzakirə mövzusu "Kiçik şəhərlərin su və kanalizasiya sistemlərinin yenidən qurulması" adlı proqramla bağlıdır.
Bu proqramı həyata keçirməkdə əsas məqsəd 20 rayon mərkəzində təhlükəsiz və etibarlı su-kanalizasiya sistemlərini tamamilə yenidən qurmaq və əhalini etibarlı su mənbələri ilə təmin etməkdir. Sənəd 3 komponentdən ibarət olacaq.
Proqram çərçivəsində "Böyük Bakının regional inkişaf planının hazırlanması" layihəsi də gerçəkləşəcək. Burada inkişaf etməkdə olan paytaxtın yeni baş planının hazırlanması məsələsi də yer alıb. Layihənin ümumi dəyəri təxminən 230 milyon dollardır.
Kredit şəklində ayrılan bu vəsaitin 30 il müddətinə (illik 1,5 faizlə) qaytarılması razılaşdırılıb. Bakının inkişaf planının hazırlanmasına bir neçə milyon dollar xərclənəcək.
Bu layihənin yaxın aylar ərzində həyata keçirilməsi nəzərdə tutulur. Əsas işi müvafiq dövlət qurumları aparacaq. Zəruri olan hallarda dünya təcrübəsini tətbiq etmək məqsədi ilə qabaqcıl ölkələrdən məsləhətçilər də cəlb ediləcək.
Bu məsləhətçilərin hansı ölkədən olması tenderlər vasitəsilə müəyyənləşdiriləcək. Bu zaman əsas üstünlüyün milli mənsubiyyətə yox, təkliflərin keyfiyyətinə veriləcəyi bildirilir.
Qeyd edək ki, Bakının inkişaf planı ilk dəfə 1892-ci ildə polkovnik Fondernone tərəfindən hazırlanıb və 1900-cü ildə Gürcüstanda general-leytenant Knyaz Qaliçin tərəfindən təsdiq edilib.
Xəritədə təxminən 105 ilə görülməsi mümkün olan tikinti işləri öz əksini tapıb. 1985-ci ilə qədər tikinti işləri bu sxem əsasında aparılıb.

Xalid AZƏR.



«PAYTAXTIN YENİ İNKİŞAF PLANI HAZIRLANIR»   -
«Ülfət Qazeti»   -