Bakı “Eurovision-2012" müsabiqəsinə ev sahibliyini rəsmən qəbul etmişdir
Mərasimdə müsabiqənin loqosu və rəmzi açarı təqdim edilmiş, püşkatma mərasimi olmuşdur
Yanvarın 25-də Bakıdakı "Buta Palace"da "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqla bağlı ilk təntənəli mərasim keçirilmişdir. Mərasim ölkəmizin "Eurovision-2011" mahnı müsabiqəsində möhtəşəm qələbəsini əks etdirən videoçarxın nümayişi ilə başlamışdır. Bu möhtəşəm tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, Avropa Yayımları Birliyinin (EBU), diplomatik korpusun nümayəndələri, xarici qonaqlar, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər. Tədbiri işıqlandırmaq üçün Azərbaycana gəlmiş bir çox ölkələrin - Gürcüstan, Finlandiya, Almaniya, Serbiya, Malta, Moldova, Estoniya, Belarusun ictimai yayımçıları və "Euronews" telekanalının reportyorları mərasimdə olmuşlar. Mərasimin vacib məqamlarından biri isə müsabiqənin konsepsiyasının təqdimatı olmuşdur. Möhtəşəm "Eurovision" axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanmışdır. "Eurovision-2012" mahnı müsabiqəsi "Light your fire" (Öz məşəlini alovlandır) şüarı altında keçiriləcəkdir. Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers yarışmanın rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim etmişdir. Bununla da Bakının "Eurovision-2012"yə ev sahibliyi rəsmən qəbul olunmuşdur. Təntənəli mərasimdə Düsseldorf şəhərinin meri Dirk ELSBERS, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV çıxış etmişlər. Rəmzi açarın təqdimatından sonra "Eurovision-2012" yarışmasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilmişdir. "Eurovision" layihəsinin rəhbəri Yand Ola Sand çıxış edərək müsabiqənin şərtləri barədə məlumat vermişdir. Mayın 22-də keçiriləcək ilk yarımfinalda Monteneqro, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə, Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan təmsilçiləri yarışacaqlar. Mayın 24-də keçiriləcək ikinci yarımfinalda isə Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya, Xorvatiya, Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan, Bosniya və Herseqovina təmsilçiləri iştirak edəcəklər. Ümumilikdə 43 ölkənin iştirak edəcəyi müsabiqənin final mərhələsi mayın 26-da keçiriləcəkdir. Ötən il yarışmaya qatılmamış İtaliya, Macarıstan, Avstriya təmsilçiləri də Bakı müsabiqəsinin iştirakçıları arasında olacaqlar. "Eurovision" mahnı müsabiqəsində son üç ildə iştirak etməyən Monteneqro təmsilçisi də builki yarışmaya qatılacaqdır. "Eurovision" mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 2008-ci və 2011-ci illərdəki rekordu təkrarlamışdır. Yarımfinal mərhələlərində iştirak edən ölkələrin "Eurovision 2012"də çıxış ardıcıllığı isə cari ilin martında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaqdır. Püşkatma mərasimindən sonra xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət kamera orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənmişdir. Daha sonra milli musiqi alətimiz olan balabanda lirik melodiya ifa olunmuşdur. Azərbaycanın xalq artisti Alim Qasımovun və İsveçrədə keçirilən 43-cü Beynəlxalq Montre caz müsabiqəsinin qalibi İsfar Sarabskinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Tədbirdə müsabiqənin müxtəlif illərdə qalibi olmuş iştirakçılarından Lena Mayer, Aleksandr Rıbak, Eldar Qasımov, Nigar Camal və başqaları da çıxış etmişlər.
|