ADVOKAT
- Su obyektləri üzərində xüsusi mülkiyyət hansı hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilə bilər?
Rəsul İSLAMOV, Qəbələ rayonu.
- "Su Məcəlləsi haqqında" qanunun 14-cü maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan torpaq sahələrində yerləşən, başqa su obyektləri ilə hidravliki əlaqəsi və axarı olmayan kiçik sututarlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi mülkiyyətə verilə bilər. Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə və xarici dövlətlərin hüquqi şəxslərinə su obyektləri xüsusi mülkiyyətə verilə bilməz.
- Əmək pensiyaçısı vəfat etdikdə dəfn üçün müavinətin verilməsi hansı qaydada aparılır?
Zülfi QULİYEV, Qax rayonu.
- Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə vəfat etmiş pensiyaçının əmək pensiyasının baza və sığorta hissəsinin üç aylıq məbləğində dəfn üçün müavinət verilir. Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir.
- Hansı şəxslər təhsil müəssisəsinin təsisçisi ola bilər?
Samir QULİYEV, Bakı şəhəri.
- "Təhsil haqqında" qanunun 15-ci maddəsinə əsasən, təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər. Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin professor-müəllim heyətinin azı 80 faizini Azərbaycan Respublikasının vətəndaşları təşkil etməlidir. Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları və onların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
- Masallı Rayon Poçt Şöbəsinin filialında poçtalyon işləyirəm. İldə bir dəfə məzuniyyətə çıxıram. Daha doğrusu, ildə bir dəfə mənə məzuniyyət hüququ verilir. Məni əvəz edən olmadığından müdiriyyət işləməyimi xahiş edir. Bilmək istəyirəm, idarə belə halda mənim əməkhaqqımı neçə faizlə ödəməlidir? İdarə mənə 50 faiz ödəyir. Qanunla 100 faiz ödəyə bilərmi?
Aşur ƏSƏDULLAYEV, Masallı rayonu.
- Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti Əmək Məcəlləsində nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Bu Məcəlləyə uyğun olaraq işəğötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcəlləsinə əsasən, siz hər il qanunla nəzərdə tutulan qaydada ödənişli məzuniyyətə çıxmalısınız. Müdiriyyət tərəfindən verilmiş qərarla sizin məzuniyyət vaxtı özünüzü əvəz etməniz və bu zaman 50 faiz məbləğində əməkhaqqı almağınız yuxarıda göstərilən əsaslara görə qanunauyğun deyil. Belə ki, sizin ödənişli əsas məzuniyyətə nə vaxt göndərilməyiniz əvvəlcədən işlədiyiniz müəssisənin rəhbərinə məlum olmalıdır. Bu səbəbdən məzuniyyətə çıxdığınız və məzuniyyətdə olduğunuz müddətdə müdiriyyət tərəfindən sizin funksiyalarınız müvəqqəti olaraq digər işçiyə həvalə olunmalıdır. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müvəqqəti sizi əvəz edən işçinin əməkhaqqına əlavə müəyyən edilib ödənilməlidir. Bu əlavə işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir və sizin əməkhaqqınızın 50 faizindən az olmamalıdır. Müstəsna hallarda və sistemli olmamaq şərtilə sizi əvəz etmək mümkün olmadıqda, sizə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməli və işləməklə bu dövr üçün əməkhaqqınız 100 faiz məbləğində ödənilməlidir.
- Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi qaydaları barədə məlumat verməyinizi xahiş edirəm.
Qalib BAYRAMOV, Zərdab şəhəri.
- "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" qanunun 19-cu maddəsinə əsasən, "Ümumtəhsil məktəblərini bitirdikdən sonra mülkiyyət formasından asılı olmayaraq dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq (lisenziya) almış təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir: o orta ümumtəhsil məktəblərində əyani və ya axşam orta təhsil alan 20 yaşınadək çağırışçılara; o peşə təhsili müəssisələrində təhsil alan, bu məktəblərə daxil olana qədər orta təhsil almamış 20 yaşınadək çağırışçılara; o orta ixtisas məktəblərində təhsil alan, bu məktəblərə daxil olana qədər orta təhsil almamış 22 yaşınadək çağırışçılara; o dövlət, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq (lisenziya) almış qeyri-dövlət ali təhsil müəssisələrinin əyani formada ali təhsilin birinci - bakalavr (ali tibbi təhsil üçün, o cümlədən internatura) pilləsində təhsil alan tələbələrinə və xarici ölkələrdə əyani formada ali təhsil alan tələbələrə - təhsilini bitirənədək. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər çağırışdan möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar. Təhsilini davam etdirmək üçün çağırışdan möhlət almış, həmçinin müxtəlif səbəblərə görə qanunvericiliklə müəyyən edilmiş müddətdə həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək həqiqi hərbi xidmətə çağırılırlar.
- Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulan qaydada 01.11.2008-ci il tarixdən uşağa qulluğa görə qismən ödənişli məzunuiyyətə çıxmışam. Lakin "Məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin 79-cu maddəsində müəyyən olunmuş qaydada müavinət verilmir. Bilmək istəyirəm, bu nə dərəcədə qanunauyğundur?
Çimnaz CƏFƏROVA, Bakı şəhəri.
- Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. 2008-ci il sentyabrın 1-dən qüvvəyə minən Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2008-ci il tarixli Sərəncamı ilə Əmək Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq yaşyarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 20 manat, yaşyarımdan üç yaşınadək uşağa qulluğa görə isə müavinətin məbləği 10 manat məbləğində müəyyən edilmişdir. Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli "Məcburi dövlət sosial sığorta ödəmələrinin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə 189 saylı Qərarının 78-81-ci maddələrinə əsasən: Mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə əmək münasibətlərində olan, habelə istehsalatdan ayrılmaqla ali və orta ixtisas təhsili müəssisələrində, magistraturada (aspiranturada), klinik ordinaturada və texniki peşə məktəblərində ixtisası artırmaq, yeni ixtisasa yiyələnmək və kadr hazırlığı məktəblərində və kurslarında təhsil alan qadınlar, bilavasitə uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər. Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq üç yaşına çatanadək qanunvericilikdə müəyyən olunmuş məbləğdə müavinət verilir. Çernobıl qəzası nəticəsində şüa xəstəliyinə tutulmuş, bu xəstəliyi keçirmiş, habelə əlil olmuş şəxslərə uşağa qulluq üzrə qismən ödənişli məzuniyyət üçün müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinətdən iki dəfə artıq məbləğdə ödənilir. Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara doğuma görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir. Uşağın üç yaşı tamam olanadək ona qulluq edilməsinə görə haqqı qismən ödənilən məzuniyyət qadına hamiləliyə və doğuma görə məzuniyyətin başa çatdığı günün sonrakı günündən başlayaraq təqdim olunur. Bu zaman həmin məzuniyyət qadına onun arzusuna görə tam və ya hissə-hissə təqdim oluna bilər.
|