ADVOKAT
Torpağın satın alınmasına əsas verən dövlət ehtiyacları hansılardır? Torpağın satın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri nədən ibarətdir?
Qənimət AŞUROV, Hacıqabul rayonu.
- "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Bu qanuna əsasən, torpağın alınmasına əsas verən dövlət ehtiyacları aşağıdakılardır: o dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; o sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; o müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; o dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi. Torpaqlar dövlət ehtiyacları üçün yalnız "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri aşağıdakılardır: dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu qanuna uyğun olaraq alına bilər. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz.
Qüvvədə olan qanunvericiliklə Azərbaycan Respublikasında işçilərin xarici ölkələrə ezamiyyələri hansı şərtlər və qaydalarla ödənilir?
İlqar ABBASOV, Astara rayonu.
- Əmək və Əhalinin Sosial Müdafiə naziri tərəfindən təsdiq edilmiş 15 fevral 2008-ci il tarixli 11/30-108 saylı "İşçilərin Ezamiyyə qaydaları"na əsasən, xarici ölkələrdə ezamiyyətdə olduğu müddətdə işçiyə ezamiyyə xərcləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normasına uyğun olaraq ödənilir. Təşkilatlar xarici ezamiyyə xərclərini, bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq müvafiq valyutaya çevirməklə ödəyirlər. İşçi ezamiyyətə getdiyi və həmin gün Azərbaycan Respublikasına qayıtdığı halda ona nəzərdə tutulmuş ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində vəsait ödənilir. İşçi xarici ölkə ərazisi ilə getdiyi zaman ondan asılı olmayan səbəblərə görə tam 1 gün və artıq müddətə yolda ləngiyərsə, həmin müddət üçün ona ezamiyyə xərclərinin 1 günlük norması ərazisində ləngidiyi ölkə üçün müəyyən edilmiş normalar üzrə ödənilir. Üzürsüz səbəbdən yolda yubandığı vaxt üçün işçiyə heç bir xərc ödənilmir. Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir. Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində, işçini yalnız yemək xərci ilə təmin etdiyi hallarda isə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi həcmində vəsait ödənilir. Dəvət edən tərəf işçiyə yaşayış yeri və yemək xərcini nağd pulla ödədiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından az olarsa, həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəf işçini yeməklə təmin edərək yaşayış yeri üçün nağd pul verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizindən az olarsa, həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəf işçini yaşayış yeri ilə təmin edərək yemək üçün nağd pul verdiyi halda, işçiyə nağd qaydada ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizindən az olarsa həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə ezam olunan diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə müəyyən olunmuş müddətə yaşayış yeri ilə təmin edilənədək mehmanxana xərcləri həmin ölkə üçün Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunmuş ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi həcmində ödənilir. Rəhbər işçilərin ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
İxtisasca mühasibəm. Əsas iş yerindən əlavə 5 müəssisənin də mühasibat işlərini aparıram. Bu müəssisələrlə əmək müqavilələrim var. Həmin müqavilələrə əsasən, müvafiq əməkhaqqı alıram və hər müəssisədən Sosial Müdafiə Fonduna məcburi sığorta haqları ödəyirəm. İndi xəstələnmişəm, bilmək istəyirəm, xəstəlik vərəqini hansı müəssisəyə təqdim edim. Əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanarkən digər müəssisələrdə aldığım əməkhaqları da nəzərə alınmalıdırmı?
İ. HÜMBƏTOV, Bakı şəhəri.
- Əmək Məcəlləsinin 58-ci maddəsinə ə sasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla (Gündəlik normal iş vaxtının müddəti 4 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 20 saatdan artıq müəyyən edilə bilməz) tərəflərin razılığı ilə müəyyən edilir. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Əmək Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən, sizin əsas iş yerindən əlavə digər 5 müəssisə ilə əmək müqaviləsi bağlamaqla işləməyiniz gündəlik normal iş vaxtında müddəti 12 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 60 saatdan artıq olmamaqla həyata keçirilməlidir. Əgər sizin bu fəaliyyətiniz qeyd olunan normadan artıqdırsa, həmin müəssisələrin sizinlə əmək müqaviləsi bağlaması qanuna uyğun deyil. Əmək Məcəlləsinin 58.4-cü maddəsinə əsasən, əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə, bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla, heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin 41-ci bəndinə əsasən, işçi əsas iş yerindən əlavə başqa müəssisədə də müqavilə üzrə işləyirsə, bu zaman müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanır və əsas iş yerində müəyyən olunmuş stavkanın ikiqat məbləğindən artıq olmamaq şərtilə ödənilir. Əmək Məcəlləsinin 58.4 - cü maddəsinə və Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarına əsasən, işçiyə xəstəlik vərəqinə görə müavinət həm əsas iş yeri, həm də əvəzçilik qaydasında işlədiyi müəssisə tərəfindən ödənilir. Lakin, xəstəliklə əlaqədar əmək qabiliyyətini itirən işçiyə bir xəstəlik vərəqi verildiyindən, bu bir çox hallarda 2 iş yerində əmək münasibətlərində olan işçilərə müavinətlərin ödənilməsində əlavə problemlər yaradır. Bu problemin aradan qaldırılması və işçilərə müavinətlərin ödənilməsi 2 yolla həll edilə bilər. Birinci halda, işçi xəstəlik vərəqinin əslini əsas iş yeri üzrə müəssisəyə təqdim edir, bu müəssisə tərəfindən həmin xəstəlik vərəqinin surəti təsdiq olunur, təsdiq olunmuş bu xəstəlik vərəqinin surəti işçi tərəfindən əvəzçilik qaydasında işlədiyi müəssisəyə təqdim olunur və müavinət ödənilir. İkinci halda, işçi xəstəlik vərəqinin əslini əvəzçilik qaydasında işlədiyi müəssisəyə təqdim edir, bu müəssisə tərəfindən həmin xəstəlik vərəqinin surəti təsdiq olunmaqla qəbul edilir, xəstəlik vərəqinin əslini isə əsas iş yeri üzrə müəssisəyə təqdim edir və işçiyə qanunvericiliklə nəzərdə tutulan qaydada hər iki iş yeri üçün müavinət ödənilir.
|