AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNƏ MÜRACİƏT ETMƏK QAYDALARI VƏ AVROPA KONVENSİYASI

Avropa Şurasının ən mühüm sənədlərindən biri 4 noyabr 1950- ci ildə İtaliya Respublikasının paytaxtı Roma şəhərində imzalanmış və 3 sentyabr 1953 - cü ildə Konvensiyanın 59 - cu maddəsinə uyğun olaraq on dövlət tərəfindən ratifikasiya olunduqdan və qeydiyyat etibarnamələri Avropa Şurasının Baş katibinə təqdim edildikdən sonra hüquqi qüvvəyə minmişdir. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya adlanan bu sənəd 1948 - ci ildə İnsan Hüquqları Ümumi Bəyannaməsinin prinsiplərini konkret hüquqi öhdəliklərə çevirən ilk regional səviyyəli beynəlxalq müqavilə olmuşdur. İlk dəfə olaraq insanlar beynəlxalq hüquqla təsbit olunmuş hüquq və azadlıqlarını reallaşdırmaq üçün imkan qazanmış oldular. İlk dəfə olaraq bir dövlət öz təəbələrinə qarşı yol verilən və Konvensiyada təsbit olunan hüquqlara görə digər dövlətə qarşı iddia qaldırmaq hüququ əldə etmiş oldu.
Azərbaycan Respublikası 2001- ci ildə Avropa Şurasına üzv qəbul edilib, 25 dekabr 2001 - ci ildə isə ölkə parlamenti "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanı ratifikasiya edib.
Azərbaycan Respublikasının Konvensiyanı ratifikasiya etməsi ilə bağlı olan sənəd Avropa Şurasının Baş katibinə təqdim edildikdən sonra 15 aprel 2002 - ci ildə bu orqan tərəfindən depozitə edilib. Bu tarixdən etibarən Avropa Konvensiyası Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəyə minib və respublikanın yurisdiksiyası altında olan hər bir vətəndaşın Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ yaranıb. Əsas insan hüquq və azadlıqları Konvensiyanın 2 - 18-ci maddələrində və Konvensiyaya əlavə edilən protokollarda sadalanır.
Qeyd etmək lazımdır ki, AR Konstitusiyasının 151-ci maddəsinə əsasən Avropa İnsan Hüquqları Konvensiyası Azərbaycan Respublikası ərazisində bilavasitə qüvvədədir.
Azərbaycan Respublikasının Konvensiyanı ratifikasiya etməsi, onun yurisdiksiyası altında olan bütün şəxslərin Avropa İnsan Hüquqları Məhkəməsinə bəzi şərtlərə əməl etməklə bilavasitə müraciət etmələrinə imkan verir.
Şəxslər tərəfindən edilən şikayətin birincisi, predmeti yalnız Konvensiyada və onun protokollarında təminat verilən hüquqlar ola bilər. Bu hüquqlar konkret olaraq, yuxarıda qeyd etdiyimiz kimi, Konvensiyanın 2-18-ci maddələrində və Konvensiyaya əlavə olunan protokollarda sadalanır.
İkincisi, şikayət anonim olmamalıdır və onu yalnız zərərçəkən özü verə bilər. Onun adına şikayəti şəxslər qrupu versə belə, onların hər birinin özünun konkret şəxsi pretenziyaları sübuta yetirilməlidir.
Üçüncüsü, şikayət edən tərəfin yaşadığı ölkədə bütün daxili hüquq müdafiə vasitələri tükəndikdən sonra, altı aydan gec olmayaraq Avropa Məhkəməsinə müraciət olunmalıdır.
Dördüncüsü, yalnız hər hansı bir ölkə Konvensiyanı ratifikasiya etdikdən sonra baş vermiş pozuntulardan şikayət etmək olar (pozuntunun davam etdiyi hallar istisnadır).
Beşincisi, şikayətin mahiyyəti üzrə qəbuledilən sayılması üçün ərizəçi öz hüquqlarının müdafiəsi üzrə bütün ölkədaxili vasitələrdən, ilk növbədə məhkəmə proseduralarından tam istifadə etməlidir.
Bəzi hallarda istisnalara yol verilsə də, ümumilikdə bunlar əməl edilməsi zəruri olan qaydalardır və onlara riayət edilməməsi şikayətin qəbuledilməyən sayılmasına səbəb ola bilər.
Konvensiyanın pozulması müraciət edənə şəxsi ziyanın vurulması ilə bağlı olmalıdır, yəni Konvensiyada təsbit olunmuş bu və ya digər hüquq və azadlıqların pozulması şəxsən onun özünə aid olmalıdır, şəxsən onun özünün bu və ya digər hüququ pozulmuş olmalıdır. Konvensiya üzrə müdafiə yalnız fərdlə hakimiyyət arasında olan münasibətlərə tətbiq edilir.
Avropa İnsan Hüquqları Məhkəməsi Fransanın Strasburq şəhərində yerləşir. Bu məhkəmə Avropa Şurasına üzv olan və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı ratifikasiya etmiş ölkələrin bərabər hüquq və bərabərsaylı hakimlərindən ibarətdir. Hazırda məhkəmə hakimlərinin sayı 45 nəfərə çatır. Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri müstəqil hakimlər kimi fəaliyyət göstərir və heç bir ölkəni təmsil etmirlər. Avropa Şurasına üzv olan bütün ölkələrin hüquqşünaslarından ibarət reqistr məhkəməyə daxil olan şikayət ərizələri ilə işdə ona köməklik göstərir (onlar hüquqi katiblər də adlandırılırlar). Onlar vətəndaşı olduqları ölkələr qarşısında heç bir öhdəlik daşımırlar və tam müstəqildirlər.
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası məhkəməni təsis edir və onun fəaliyyətini tənzimləyir. Məhkəmənin vəzifəsi Avropa Şurasına üzv olan ölkələrin Konvensiyada əks olunan insan haqlarına və onlarla bağlı zəmanətlərə ehtiramla yanaşmalarına nəzarət etməkdir.
Bu nəzarət fərdi şəxslərin, bəzi hallarda isə dövlətlərin təqdim etdiyi şikayətlərə (onlara "şikayət ərizəsi" də deyilir) baxılması yolu ilə həyata keçirilir. Əgər Avropa Şurasına üzv olan ölkənin qeyd olunan hüquqlar və onlarla bağlı zəmanətlərdən birini və yaxud bir neçəsini pozduğu aşkar olunarsa, bu halda məhkəmə qərar çıxarır. Qərarların icrası məcburidir:
Konvensiya xüsusilə aşağıdakı hüquqları müdafiə edir:
-Yaşamaq hüququ
-Mülki və cinayət işlərində ədalətli mühakimə olunmaq hüququ
-Şəxsi və ailə həyatına hörmət olunması hüququ
-Fikri sərbəst ifadə etmək azadlığı
-Fikir, vicdan və din azadlığı
-Effektli hüquqi müdafiə azadlığı
-Dinc yaşamaq hüququ
-Seçmək və seçilmək hüququ
-İşgəncə verilməsini, qeyri-insani və ya təhqiredici rəftarı və cəzanı
- Əsassız və qanunsuz həbs olunmanı
- Konvensiyada təsbit olunan hüquq və azadlıqlardan qeyri - bərabər istifadə olunmasını
-Dövlətin öz vətəndaşlarını ərazisindən qovması və ya onlara həmin dövlətin ərazisinə daxil olmağa qadağa qoymasını
-Edam cəzasının tətbiq edilməsini
-Əcnəbi vətəndaşların ölkədən kollektiv şəkildə çıxarılmasını.
Şikayət etdiyiniz hərəkət və hərəkətlər həmin dövlətin və ya dövlətlərin rəsmi şəxsləri tərəfindən edilməlidir (məsələn, məhkəmə və ya inzibati orqan).
Məhkəmə ayrı - ayrı fərdlərə və ya özəl təsisatlara, məsələn, kommersiya şirkətlərinə qarşı qaldırılan işlərə baxa bilməz.
Sizin şikayət ərizəniz Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş hüquqlardan biri ilə əlaqədar olmalıdır. Haqqında şikayət ərizəsi daxil olan pozuntular özündə geniş məsələləri ehtiva edə bilər. Məsələn, həbs olunan insanlara qarşı qeyri - insani rəftar, qeyri - qanuni həbs, mülki və cinayət məhkəmə proseslərindəki nöqsanlar, qanunların tətbiqi zamanı ayrı-seçkiliyə yol verilməsi, valideynlərin uşaqlar üzərində hüquqları, mənzil və məktublaşma hüququna hörmətlə yanaşılması, fikirlərin sərbəst şəkildə ifadə edilməsi və informasiyanın əldə edilməsi, yaxud ötürülməsi zamanı məhdudiyyətlərin qeydə alınması, nümayişlərdə sərbəst iştirak etmək hüququ, ölkədən zorla çıxarılma və ekstradisiya, mülkün konfiskasiyası və şəxsin əlindən zorla alınması.
Siz öz şikayətinizin bütün detallarını aydın şəkildə göstərmək şərtilə məhkəməyə məktubla müraciət edə və yaxud ərizə formasını doldurmaqla Avropa Məhkəməsinə göndərə bilərsiniz
Siz məktubu və ya ərizə formasını Məhkəmənin rəsmi dillərindən birində (ingilis və ya fransız), yaxud da Konvensiyanı ratifikasiya etmiş dövlətlərin birinin rəsmi dilində göndərə bilərsiniz (məsələn, Azərbaycan , rus, türk və s).
Əgər siz şikayət ərizəsini faksla göndərirsinizsə, daha sonra poçt vasitəsilə də göndərməlisiniz.
Öz şikayətinizi şifahi şəkildə şəxsən çatdırmaq üçün Strasburqa getməyinizə ehtiyac yoxdur. Bu, sizin şikayətinizə daha tez baxılmasına kömək etməyəcək və sizə heç bir hüquqi məsləhət verilməyəcək.
Məhkəmənin qeydiyyat şöbəsi sizin şikayət ərizənizlə bağlı olaraq əlavə sənəd, məlumat və ya izahat istəyə bilər.
Ərizə formasının surətini alan kimi dərhal onu səliqəli və aydın şəkildə doldurub ən qısa vaxt ərzində məhkəməyə göndərməlisiniz.
Ərizə forması aşağıdakıları ehtiva etməlidir:
-Faktların və şikayət etdiyiniz məsələnin qısa təsviri;
-Pozulduğunu güman etdiyiniz Konvensiya müddəalarının qeyd olunması;
-Ölkə daxilində artıq müraciət etdiyiniz məhkəmə araşdırmalarının siyahısı;
-İşiniz üzrə müraciət etdiyiniz bütün qurumlar tərəfindən verilən qərarların surəti (bu sənədlər sizə geri qaytarılmayacaq , ona görə də məhkəməyə ancaq onların surətləri göndərilməlidir);
-Şikayət ərizəsini göndərən şəxs olaraq sizin və ya sizi təmsil edən şəxsin imzası.
-Əgər siz öz şəxsiyyətinizi gizli saxlamaq istəyirsinzsə, səbəbləri göstərərək dərhal məhkəməni bu haqda xəbərdar etməlisiniz. Bundan sonra sizin xahişinizin təmin edilib-edilməməsini Məhkəmənin prezidenti müəyyənləşdirəcək.
-Proseslərin bu mərhələsində sizin hüquqşünasla təmsil olunmağınıza ehtiyac yoxdur. Bununla belə məhkəməyə hər hansı nümayəndə vasitəsilə müraciət edirsinizsə, həmin nümayəndənin adına etibarnamə də göndərməlisiniz.
-Sizin işə heç bir ödəmə olmadan baxılacaq.
-Siz ancaq öz şəxsi xərclərinizi ödəməlisiniz (öz hüquqşünasınızın xidmət haqqı, tədqiqat və buna bənzər xərclər kimi).
-Şikayət ərizəniz məhkəmə tərəfindən qəbul edildikdən sonra hüquqi yardım üçün müraciət edə bilərsiniz. Hüquqi yardım dərhal verilmir, onunla ancaq məhkəmə araşdırmasının sonrakı mərhələsində təmin olunursunuz.
-Araşdırma yazılı şəkildə aparılır. Buna görə də məhkəmədə, adətən, dinləmələr olmur və məhkəmə tərəfindən verilən hər hansı qərar haqqında sizə yazılı şəkildə məlumat veriləcək .
-Birinci növbədə məhkəmə sizin ərizənizi tədqiq etməli və onun qəbul edlib - edilməyəcəyini müəyyənləşdirməlidir. Yəni kazus Konvensiya tərəfindən müəyyən edilmiş konkret tələblərə uyğun olmalıdır. Əgər bu şərtlər təmin edilmirsə sizin ərizənizə rədd cavabı veriləcəkdir. Əgər siz Məhkəməyə bir neçə ərizə ilə müraciət etmisinizsə, məhkəmə onlardan birini və ya bir neçəsini qəbul edərək digərlərinə rədd cavabı verə bilər.
-Əgər sizin ərizəniz və ya şikayətlərinizdən biri haqda qəbul edilə bilməz qərarı verilibsə, bu qərar qətidir və ona yenidən bir daha baxılmayacaq.
-Əgər sizin ərizəniz və ya şikayətlərinizdən biri haqda qəbul edilə bilər qərarı verilibsə, məhkəmə ilkin olaraq tərəfləri (siz və haqqında şikayət edilən dövləti) məsələni mehriban yolla həll etməyə sövq edir. Əgər tərəflər bu şəkildə razılığa gəlməsələr, məhkəmə şikayət ərizəsinə həqiqətdə baxacaq.
-Hazırda məhkəməyə edilən müraciətlərin sayını nəzərə alaraq qeyd etmək olar ki, məhkəmənin sizin işlə bağlı ilkin araşdırmanı aparması üçün azı bir il gözləmək məcburiyyətində qala bilərsiniz. Əgər ərizəçinin fiziki işgəncəyə məruz qalması ehtimalı haqqında məlumat varsa, bəzi ərizələrə üstünlük verilərək onlara təcili baxıla bilər.
Əgər məhkəmə Konvensiyanın hər hansı müddəası ilə bağlı pozuntu aşkar edərsə, siz müəyyən formada dəymiş zərərin ödənilməsi üçün pul şəklində "ədalətli kompensasiya" ilə təmin edilə bilərsiniz. Eyni zamanda məhkəmə şikayət etdiyiniz dövlətdən sizin bu işlə bağlı xərclədiyiniz bütün vəsaitin geri ödənilməsini tələb edə bilər.
Əgər Məhkəmə müəyyən etsə ki, heç bir pozuntu olmayıb, siz heç bir əlavə ödəmə etməyəcəksiniz (məsələn, şikayət edilən dövlət tərəfindən işlə bağlı xərclənən vəsaitlər).
Aşağıdakı məsələlərə diqqət yetirməsi vacibdir.
-Məhkəmənin milli qərarlarla bağlı yenidən qərar vermək və ya milli qanunları ləğv etmək kimi səlahiyyətləri yoxdur. Məhkəmə verdiyi hökmlərin icrasında məsuliyyət daşımır. Hökm oxunduqdan dərhal sonra yerdə qalan bütün məsuliyyət Avropa Şurası Nazirlər Komitəsinin üzərinə düşür.

Q.AZƏR, hüquqşünas.



«AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNƏ MÜRACİƏT ETMƏK QAYDALARI VƏ AVROPA KONVENSİYASI»   -
«Ülfət Qazeti»   -