HÜQUQ MƏSLƏHƏTXANASI

- Hörmətli redaksiya! Xahiş edirəm ekoloji sığorta haqqında məlumat verəsiniz.
Saleh MƏMMƏDOV, Bakı şəhəri.

- Ekoloji sığorta haqqında qanunvericilik İcbari ekoloji sığorta haqqında AR qanunundan, AR Mülki Məcəlləsindən, "Sığorta haqqında", Ətraf Mühitin Mühafizəsi haqqında", "Texniki təhlükəsizlik haqqında" AR qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.
Ekoloji sığorta haqqında AR qanunu ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı əhalinin həyatına və sağlamlığına, əmlaka və ətraf mühitə vurulan zərərə görə mülki məsuliyyətin icbari sığortalanması şərtlərini və qaydalarını müəyyən edir, hüquqi və fiziki şəxslərin, habelə dövlətin və bələdiyyələrin əmlak mənafelərinin qorunmasına təminat verir.
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
- Ekoloji sığorta - ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı vurulan zərərə görə mülki məsuliyyətin sığortası;
- təhlükəli mənbə - əhali, əmlak və ətraf mühit üçün təhlükə yaradan partlayış - yanğın, zəhərləyici, çirkləndirici digər zərərli maddələr, habelə radioaktiv ionlaşdırıcı şüa mənbələri bundan sonra zərərli maddələr);
- ətraf mühitə vurulmuş zərər - ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı müvafiq ərazi üçün yol verilən həddən artıq çirklənmiş torpaq sahələrinin və su obyektlərinin bərpasına tələb olunan vəsait, habelə atmosfer havasının çirklənməsi, heyvanlar və bitkilər aləminin məhv olunması ilə bağlı zərər;
- sığorta riskinin qiymətləndiricisi - sığortalının razılığı ilə sığortaçı tərəfindən təyin olunan, sığorta riskini müstəqil surətdə qiymətləndirən və bu sahədə ixtisaslaşmış hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.


- Sosial sığorta nə deməkdir?
Namiq QULİYEV, Tovuz rayonu.

- Sosial sığorta "Sosial sığorta haqqında" Azərbaycan Respublikası qanunu ilə tənzimlənir. "Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanunu".
Azərbaycan Respublikasında sosial sığorta sahəsində münasibətləri tənzimləyir, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Sosial sığorta - bu qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Sosial sığortanın prinsipləri aşağıdakılardır:
- sosial sığortanın müntəzəmliyinə dövlət təminatı;
- sosial sığortanın ümumiliyi;
- sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi;
- sosial sığorta subyektlərinin hüquq bərabərliyi;
- dövlət sosial sığortasının məcburiliyi;
- məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması.


- Hansı hallarda sığorta olunanın sığorta təşkilatından sosial sığorta almaq hüququ var?
Fazil QASIMOV, Quba şəhəri.

- Sığorta olunanın sığorta təşkilatından sığorta almaq hüququnun yaranması üçün sosial sığorta hadisəsi baş verməlidir. Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığorta olunanı sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir:
- pensiya yaşına çatmaq;
- əlil olmaq;
- ailə başçısını itirmək;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericilikdə müəyyən olunmuş dövr üçün);
- hamiləlik və doğum;
- uşağın anadan olması;
- uşağa qulluq;
- ölüm;
-sanatoriya-kurort müalicəsi zərurəti;
- işsiz olmaq (qanunvericilikdə müəyyən olunmuş dövr üçün).
Məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta ilə tərəflərin seçdiyi sığorta hadisələri üzrə aparılır.


- Sosial sığorta ödəmələri baş verdikdə hansı ödəmələr verilir?
Mahir ƏHMƏDOV, Qazax rayonu.

- Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir:
- AR müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları;
- könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericilikdə müəyyən olunmuş dövr üçün:
- hamiləliyə və doğuma görə müavinət;
- uşağın anadan olmasına görə birdəfəlik müavinət;
- qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;
- dəfn üçün müavinət;
- sığorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi.
Müvafiq dövlət proqramlarına uyğun olaraq əlillərin, işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlər məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Azərbaycan Respublikası qanunvericiliyi ilə sosial sığorta üzrə təminatın başqa növləri ilə müəyyən edilə bilər.


- Məhkəmələrdə mülki işlərə baxılarkən hansı hallarda dövlət rüsumu ödənilir?
Qafar DADAŞOV, Xırdalan şəhəri.

- Məhkəmələrdə mülki işlərə baxılarkən dövlət rüsumu aşağıdakı hallarda ödənilir:
- iddia ərizələri verildikdə;
- iddianın predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxslər işə qoşulmaq barədə ərizələr verildikdə;
- hüququ əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələr verildikdə;
- Apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam edilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə;
- Apellyasiya və kassasiya şikayəti verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməsi müəyyən edilmiş dövlət rüsumunun müvafiq olaraq 120 və 150 faizi məbləğində dövlət rüsumu ödənilir;
- Qətnaməyə yenidən baxılması qaydasında verilən şikayətə görə dövlət rüsumu bir dəfə ödənilir.


- Aylıq müavinətlər hansı müddətlərə təyin edilir?
Sadıq CƏFƏROV, Lənkəran şəhəri.

- Sosial müavinətlər haqqında AR Qanunun 9-cu maddəsinə əsasən aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir.
- Dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət-ömürlük
- əlilliyə görə (16 yaşınadək əlil uşaqlar daxil olmaqla) müavinət - əlillik müddətinə.
- Ailə başçısını itirməyə görə müavinət.
-Vəfat etmiş şəxsin uşaqlarına-18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla)
-Vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlarına-əlillik müddətinə
-Vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərindən, qardaş, bacı, baba və nənələrindən birinə-uşağın 8 yaşınadək
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət-onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən olunmuş hallarda bu hüququ itirənədək.
- 3 yaşınadək uşağa qulluğa görə müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə.
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət.
-Uşağın 16 yaşı tamam olan ayın sonunadək
-Ümumtəhsil məktəblərində əyani təhsil alanlara-18 yaşı tamam olan ayın sonunadək (təhsil müddətindən çox olmamaqla).
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçilik) müəyyən edildiyi müddətə.
- bir yaşınadək uşağı olana aztəminatlı ailələrə təminat-uşağın 1 yaşı tamam olan ayın sonunadək.
Radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicə üçün müavinət müraciət edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik müddətinə təyin edilir.
Uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.


- Kassasiya şikayəti hansı müddətdə verilə bilər?
Elxan ŞAHSUVAROV, Qusar rayonu.

- Kassasiya şikayəti Apellyasiya instansiyası tərəfindən Qətnamə və qərardad qəbul edildikdən sonra 3 ay müddətində verilə bilər.
Bu müddət Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə və qərardad tərəfə verildiyi vaxtdan hesablanır.

Azər QULİYEV, «BOSŞELF» Şirkəti HİK-in hüquqşünası.



«HÜQUQ MƏSLƏHƏTXANASI»   -
«Ülfət Qazeti»   -