“JEK"lərin ləğv ediləcəyi gözlənilir

Millət vəkili Nazim Məmmədov: "Həmin qurumlar tam olaraq ləğv olunmasa da, hüquqi formasının dəyişdirilməsinə ehtiyac var"

Rövşən Ağayev: "Binalara xidmət edən "JEK"lərin yığdığı pul faktiki olaraq bu xidmətlərin xərcini ödəmir"

Bu il ölkəmizin mənzil-kommunal sferasında ciddi islahatlara başlanılması gözlənilir. Aparılacaq islahatlar ilk növbədə çoxmərtəbəli binalara xidmət sahəsinə yeniliklər gətirəcək. Ekspertlər ötən ilin sonunda parlamentin qəbul etdiyi Mənzil Məcəlləsi və 2010-cu ilin dövlət büdcəsində göstərilənlərə əsaslanaraq mənzil-kommunal sektorunda ciddi dəyişikliklərin baş verəcəyini proqnozlaşdırırlar. Bu proqnozlar içərisində hər kəsin "JEK" kimi tanıdığı mənzil kommunal istismar sahələrinin (MKİS) ləğv ediləcəyi fikirləri də yer alıb. Belə ki, yeni qəbul olunan məcəllədə də elə MKİS-lərin gələcək taleyinə müəyyən qədər aydınlıq gətirilib.

Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvi, iqtisadçı-deputat Nazim Məmmədov bu dəyişikliyin zamanın tələbi olduğunu vurğulayıb: "Həmin qurumlar tam olaraq ləğv olunmasa da, hüquqi formasının dəyişdirilməsinə ehtiyac var. Avropa Xartiyasının tələblərindən biri də odur ki, yerli bələdiyyələri idarəetməyə daha çox cəlb etmək üçün bir çox xəstəxanalar, məktəblər onların mülkiyyətinə verilməlidir. Mənzil Məcəlləsi Milli Məclis tərəfindən qəbul olunsa da, bunun tənzimləmə qaydası hələ müəyyən olunmayıb. İlk növbədə müəyyən olunmalıdır ki, hansı məktəblər və ya xəstəxanalar bələdiyyənin mülkiyyətinə verilsin. Təbii ki, bu məsələdə mülkiyyətin bələdiyyəyə necə verilməsi də öz əksini tapacaq. Həmçinin, bunların maliyyələşməsi məsələsi həll olunmalıdır".
İqtisadçı-ekspert Rövşən Ağayev isə hesab edir ki, mənzil münasibətlərinin tənzimlənməsi sferasına bələdiyyələrin daxil olması daha məqsədəuyğun olardı: "Yeni Mənzil Məcəlləsinə görə, mənzil istismar sahələri ləğv olunmalı, onların yerində çoxmərtəbəli mənzilləri idarə edən mənzil mülkiyyətçiləri birlikləri yaradılmalıdır. Bir çox ölkələrdə həmin birliklər qeydiyyatdan keçərək hüquqi qurumlar olur. Bələdiyyələrə o qurumların fəaliyyətini nəzarətdə saxlamaq hüququ verilir. Məsələn, onların ildə bir dəfə bələdiyyə qarşısında maliyyə hesabatı vermək məsuliyyəti qoyula bilər. Çünki burada bələdiyyə ərazisində yaşayan sakinlərin taleyindən söhbət gedir. Hansısa maliyyə pozuntusu aşkara çıxarsa, bələdiyyə hüquq-mühafizə orqanlarına məlumat verə bilər. Bundan əlavə, maliyyə çətinliyi olarsa, bələdiyyə tərəfindən onlara transfertlər verilə bilər".
R.Ağayevin qənaətinə görə, islahatların ana xəttini mənzil-istismar sahələrinin dövlətsizləşdirilməsi təşkil etməlidir: "Bundan sonra bu iş mənzillərin mülkiyyətçilərinin özlərinin yaratdığı və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdikləri birliklər tərəfindən idarə olunmalıdır. Çoxmərtəbəli binaların sakinləri birliklər yaradaraq binanı özləri idarə edəcək, yəni "JEK"lər bu məsələdən uzaqlaşacaq. Amma əvvəlcə birliklər haqda qanun qəbul olunmalıdır ki, onların necə yaranıb idarə olunacağı bilinsin. Yeni birliklərin işi kooperativ binaların idarə edilməsinə oxşayacaq. Birliklər zibili daha yaxşı daşıyan şirkətləri seçəcək, lifti dayanmağa qoymayacaq. Binanın damının təmirinin qeydinə özləri qalacaqlar. Həmçinin, bu işlər sakinlərə ucuz başa gəlməyəcək. Məsələ bundadır ki, binalara xidmət edən "JEK"lərin yığdığı pul faktiki olaraq bu xidmətlərin xərcini ödəmir. Sakinlər mənzilin hər kvadratmetri üçün JEK-ə 1,5 qəpik ödəyir. İslahatlardan sonra isə xidmətlərin pulu tam ödəniləcək və bu pul sakinlərin özündən yığılacaq".
Ekspertin fikrincə, əgər mənzil istismar sahələri ləğv olunub mülkiyyətçi birlikləri yaradılarsa, deməli, mənzillərin saxlanma xərcləri dövlət tərəfindən kəsiləcək: "Belə çıxır ki, dövlət öz öhdəliyini vətəndaşın üzərinə qoyur. 9 mərtəbəli binanın təmiri üçün 1-1,5 milyon manat pul lazımdır. 5 bloklu 9 mərtəbəli bir binada orta hesabla 108 mənzil olur. Deməli, vətəndaş 10-15 min manat verib binanı özü təmir etməlidir".
Ekspertin sözlərinə görə, Azərbaycanda minimum mənzil standartları ödənmir. Belə ki, Azərbaycanda adambaşına düşən mənzilin orta hesabla 13-14 kvadratmetr təşkil etdiyi halda, bu göstərici inkişaf etmiş Avropa ölkələrində minimum 40, inkişaf dövrünü yaşayan Şərqi Avropa ölkələrində isə 20-25 kvadrat arasındadır.
Qeyd edək ki, bir sıra MDB ölklərində, o cümlədən Rusiyada mənzil-kommunal sektorda islahatlar artıq başlayıb. Burda da islahatların əsas məqsədi mənzil sahiblərinin xidmətlərlə təminatının yaxşılaşdırılmasıdır.
Xalid AZƏR.



«“JEK"lərin ləğv ediləcəyi gözlənilir»   -
«Ülfət Qazeti»   -