HİV-lə bağlı yeni qanun hazırlanacaq

Musa Quliyev: “Qanunvericilikdə həkimlərin məsuliyyəti ciddi şəkildə öz əksini tapmalıdır”

"İmmunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanun layihəsi parlamentin yaz sessiyasında ikinci və üçüncü oxunuşlarda müzakirəyə çıxarılacaq. Yeni qanun layihəsinin HİV-ə yoluxmuş xəstələrin müalicəsində və profilaktikasında xüsusi rol oynayacağı gözlənilir.

Qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, 21-ci əsrin əvvəllərində bu xəstəliyə və xəstəliyin daşıyıcılarına münasibət dəyişib. Dünyada "antiretrovirus" preparatları deyilən dərmanlar kəşf olunub. İndi həmin dərmanların artıq dördüncü nəsli tətbiq olunur və bu dərmanlar HİV virusunun istənilən mərhələdə inkişafını ləngitmək xarakterinə malikdir. Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Baş Assambleyası HİV-lə mübarizə ilə əlaqədar "12 addım" adlı yeni prinsiplər qəbul edib və onun tətbiqini bütün dünya ölkələrinə tövsiyə edib. Bu addımların içərisində ən birinci şərt odur ki, HİV-li xəstələrə qarşı diskriminasiya aradan qaldırılmalı, onlar cəmiyyətin bərabərhüquqlu üzvləri sayılmalıdır.
M.Quliyevin sözlərinə görə, artıq tibb elmi sübut edib ki, HİV-lə yoluxma riski o qədər də böyük deyil. Yoluxma ancaq cinsi, qanköçürmə yolu ilə, anadan uşağa keçə bilər: "Bu şərtlərə yaxşı əməl olunsa, heç kim HİV-ə yoluxmaz. İkinci tərəfdən, bu infeksiyaya yoluxan insanların 15 ildən artıq əmək qabiliyyətini bərpa edən dərmanlar mövcuddur. Bu dərmanlar artıq Azərbaycanda da tətbiq olunur. Məhz bunlar bizi vadar etdi ki, mövcud qanunu təzədən işləyək".
"Düşünürəm ki, qanunun yeni variantı həm narkomaniyanın, həm də HİV infeksiyasının yayılmasının qarşısının alınmasında çox uğurlu bir addım olacaq", - deyə M.Quliyev vurğulayıb.
Millət vəkili Qənirə Paşayevanın bildirdiyinə görə, son dövrlər Azərbaycanda "Hepatit C" xəstəliyinə düçar olanların sayı təhlükəli həddə çatmaqdadır: "Bu xəstəlik də ilk növbədə yoluxma vasitəsilə baş verir. Məsələn, xəstəxanaların cərrahiyyə, ginekoloyi şöbələrində bu xəstəliyə yoluxmaq üçün münbit "zəmin" var. Xüsusilə gənc qadınlar çox tələbkar olmalıdırlar, onları müayinə, müalicə edən həkimlərdən sanitar-gigiyenik cəhətdən təmizliyə riayət olunmasını tələb etməlidirlər".
Millət vəkilinin sözlərinə görə, bu xəstəliyin yayılmasında mühüm "mənbə" rolu oynayan faktorlardan biri də qadın, kişi salonlarıdır: " Manikür-pedikür və yaxud müxtəlif tatu-döymələri həyata keçilən gözəllik salonlarının böyük əksəriyyətinin vəziyyəti sanitar-gigiyenik cəhətdən çox pis haldadır. Həmçinin xüsusilə bölgələrdəki kişi salonları müasir dövrün tələblərinə cavab vermir".
Millət vəkili bildirib ki, qəbul ediləcək yeni qanunvericilik aktında həkimlərin məsuliyyəti məsələsi çox ciddi şəkildə öz əksini tapmalıdır.



«HİV-lə bağlı yeni qanun hazırlanacaq»   -
«Ülfət Qazeti»   -